Şrift:
Hacı Muradın məzarı ilə bağlı müəmma
07.06.2019 [10:46] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Lakin hüquq-mühafizə orqanlarının məlumatına görə, Hacı Muradın qalıqlarının ölkədən çıxarılmasına dair yayılmış xəbərlər həqiqəti əks etdirmir. Belə ki, oğrular nəzarətdən yayınıb sərhədi keçə bilməzlər. Dağıstanın rəsmi şəxsləri də naibin sümüklərinin Xunzaxda basdırılması xəbərini inkar edir.

Məlumat üçün bildirək ki, Hacı Muradın qəbrinin qazılması barədə mayın 30-da sosial şəbəkələrdə Maqomed Əmirxanov adlı birinə (Xunzax kəndinin dəfn məsələləri üzrə təşkilat komitəsinin sədri - red.) istinadən məlumat yayılıb. Həmin məlumatda göstərilirdi ki, Şeyx Şamilin silahdaşının qalıqları Dağıstanda basdırılacaq.

Son iki gündə isə Rusiya mətbuatı Hacı Muradın qalıqlarının Dağıstana aparıldığı və Xunzax rayonunda basdırıldığını yazır. Hətta yayılan videoda Azərbaycanda naibin məzarının qazıldığı görünür. Hacı Muradın qalıqlarının mayın 31-də Azərbaycandan qeyri-qanuni yolla aparıldığı ehtimal edilirdi.

Sosial şəbəkələrdə iddia olunurdu ki, bu qalıqları Dağıstanın Tselmes kəndindən olan bir qrup gənc oğurlayıb.

Lakin Xunzax rayon administrasiyası da xəbəri yerli mətbu orqanlarına təsdiqləməyib.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Hacı Muradın qalıqlarının oğurlanması barədə yayılan məlumatları oxu.az-a şərh edərək bildirib ki, hazırda Qax rayon hüquq-mühafizə orqanları hər hansı araşdırma aparmırlar.

Fərəc Quliyev: “Ölkəmizin yazılan və ya yazılmayan qanunlarına, adət-ənənələrinə hörmət etmək hər bir dövlətin borcudur”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev məsələnin ciddiliyinə toxundu: “Dövləti insanlar qurur və canları bahasına onu qoruyurlar. Şəhidlərimizin hər biri bizim üçün qiymətlidir. Biz hər zaman demişik ki, bizi birləşdirən vətənçilikdir. Şəhidlərimizin hər biri vətənimiz üçün canlarını veriblər. Biz onların hər birinə sahib çıxmalıyıq. Bu gün bir şəhidlə bağlı atılan istənilən yanlış addım ölkəmizin heysiyyətinə toxunan bir məsələdir. Hətta başqa bir ölkədən gəlib burada xidmət edən və şəhid olan hər kəsin məzarı qarşısında baş əyməliyik. Yadınıza salın, ötən əsrin 20-ci illərində türk şəhidlərinin Şamaxı yaxınlığında, Bakıda qəbirləri var idi, biz onları gözümüz üstündə saxladıq. Bizim insanlar gedib Çanaqqalada şəhid olublar və onlara qarşı da bizim sərgilədiyimiz münasibət var. Hər hansı bir dövlət dövlətimizin işinə burnunu soxmamalıdır. Azərbaycan vətəndaşına istər sağ olsun, istərsə də şəhid olsun, göstərilən münasibət dövlətə olan münasibətdir. Ölkəmizin yazılan və ya yazılmayan qanunlarına, adət-ənənələrinə hörmət etmək hər bir dövlətin borcudur. Ona görə də bu məsələ təsdiqini taparsa, dövlət və din adamları, rəsmi qurumlar sərt mövqelərini sərgiləməlidirlər. Məsələ tam aydın olandan sonra gərəyi nədirsə, o da edilməlidir. Artıq gizlədiləsi bir şey yoxdur. Onu da deyim ki, bu doğrudursa, sıradan bir məsələ olmayacaq. Bunun altında başqa planlar ola bilər. Ərazi məsələsində müəyyən qızışdırıcı hallar da bunun altında yata bilər”.
Fazil Mustafa: “Hacı Muradın qəbrini ziyarət yerinə çevirmək mümkündür”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bu barədə məlumat təsdiqlənəndən sonra geniş danışmağın mümkün olduğunu söylədi: “Hələ ki bununla bağlı araşdırma gedir. Aldığım məlumata görə, rəsmi bir rəy, cavab yoxdur. Bunlar da olmamış geniş şərh vermək çətindir. Məsələyə adekvat cavabın verilməsi çox yaxşı olardı. Məsələn, Hacı Muradın qəbrini ziyarət yerinə çevirmək mümkündür. Rəsmi qurumlar məlumatsız olduqlarını bildirirlər. Yəqin ki, araşdırmalardan sonra bilgi verəcəklər. Bundan sonra fikirlərimizi söyləyə bilərik. Hər halda, Hacı Muradın varisləri Dağıstanda yaşayırlar. O, bir qəhrəmandır, hər kəsin dəyər verdiyi obrazdır. Hacı Murad təkcə Azərbaycana aid deyil. O, bütövlükdə Qafqaz arenasının qəhrəmanıdır. Ona görə də burada hər kəsin haqqı var. Amma məsələlər hüquqi çərçivədə çözülməlidir”.

Əhəd Məmmədli: “Bəzi qüvvələr Azərbaycanla Rusiyanın münasibətlərini gərginləşdirmək üçün belə provokasiyaya cəhd edə bilərlər”

Politoloq Əhəd Məmmədli burada Azərbaycana qarşı provokasiyanın ola biləcəyini vurğuladı: “Ümid edirəm ki, bu dezinformasiyadır, yəni belə bir hal baş verməyib, sadəcə olaraq, Azərbaycana qarşı baş verən bir provokasiyadır. Bəzi qüvvələr Azərbaycanla Rusiyanın münasibətlərini gərginləşdirmək üçün belə provokasiyaya cəhd edə bilərlər. Amma istənilən halda aidiyyəti qurumlar bu məsələnin üstünə ciddi düşüb, araşdırma aparmalıdırlar. Hacı Murad təkcə Dağıstanın deyil, həm də Azərbaycanındır. Ölkəmizdə yaşayan avarlar onu öz qəhrəmanları sayırlar. Buna görə o, həm də bizimdir. Müqəddəs dinimiz onun qəbrinin Dağıstana köçürülməsinə izn vermir. Hacı Murad Azərbaycan tarixinə adını yazdırmış insandır. Onu ruslar qətlə yetirəndə başını kəsiblər. Onun başı Sanki-Peterburqda Etnoqrafiya və Antropologiya Muzeyində saxlanılır. Mən onun başının Azərbaycana gətirilib dəfn olunmasının tərəfdarıyam. Bu barbarlığa son qoyulmalıdır. Hacı Murad tarixi şəxsiyyət olaraq, harada basdırılıbsa, orada da qalmalıdır. İstər Rusiya, istərsə də Dağıstan tərəfindən Azərbaycanın mövqeyi nəzərə alınmalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed