Şrift:
ABŞ Konqresində Azərbaycanın strateji əhəmiyyəti vurğulanıb
08.06.2019 [10:25] - Gündəm, Siyasət
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat və Silahlı Xidmətlər komitələrinin nüfuzlu üzvlərindən olan Maykl Törner (Respublikaçı, Ohayo) Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik bəyanatı ilə çıxış edib.

Bəyanatda qeyd olunur ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Konqres üzvü təəssüflə bildirir ki, müstəqillikdən bir neçə il sonra, 1920-ci ildə Rusiyanın Qızıl Ordusu Azərbaycanı işğal edib və nəticədə Sovet İttifaqına birləşdirilib.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi, ABŞ-ın əsas beynəlxalq tərəfdaşına çevrildiyi, ölkələrimizin transmilli təhdidlərlə və terrorçuluqla mübarizə sahəsində tərəfdaşlar kimi çalışmaqda davam etdiyi bəyanatda diqqətə çatdırılır. Həmçinin Azərbaycanın ABŞ-ın NATO-dakı müttəfiqlərinə yardım sahəsində vacib rol oynadığı və Birləşmiş Ştatların xaricdəki, xüsusilə də Əfqanıstandakı əməliyyatlarına dəstək verdiyi xüsusi vurğulanır.

Bəyanatda, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində əhəmiyyətli müttəfiq olduğu, bununla əlaqədar ABŞ-ın ölkəmizdən Avropaya təbii qazın ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi kimi təşəbbüslərə dəstəyinin davamlı olmasının zəruriliyi qeyd edilir. Azərbaycanın ABŞ-ın bölgədə maraqlarının təmin olunmasında əsas tərəfdaş olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed