Şrift:
Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Dokuz Eylül Universiteti arasında anlaşma memorandumu imzalanıb
08.06.2019 [10:40] - Gündəm, Sosial
Türkiyənin Dokuz Eylül Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Görüşün əsas məqsədi ATU ilə Dokuz Eylül Universiteti arasında əməkdaşlığın əsasını qoymaqdan, birgə fəaliyyətə dair anlaşma memorandumunun imzalanmasından ibarət olub.

Universitetin mətbuat xidmətindən verilən xəbərə görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, istənilən ali məktəb üçün beynəlxalq əlaqələrin inkişafı mühüm yer tutur: "Biz də dünyamiqyaslı universitetlər ilə əlaqə qurulmasını, birgə elmi iş və tədqiqatlar aparılmasını, məqalələr yazılmasını arzulayırıq. ATU tələbələri və rezidentlərinin Türkiyədə, Avropadakı həmkarları ilə qarşılıqlı araşdırma aparması üçün bütün imkanlarımız var. Bu imkanları genişləndirmək üçün Türkiyə universitetləri ilə münasibətləri sıxlaşdırmaq niyyətindəyik”.

Professor G.Gəraybəyli Tibb Universitetinin Türkiyənin bir çox ali məktəbləri ilə əməkdaşlıq etdiyini, tələbələrin rotasiya qaydasında qardaş ölkədə təhsil aldığını, bilik və bacarıqlarının artırdığını qeyd edib. Rektor universitetin klinikalarında keçirilən konqreslər, elmi konfranslarda Türkiyədən gələn professorlar, mütəxəssislərin də iştirak etdiyini diqqətə çatdırıb.

G.Gəraybəyli, həmçinin qonaqlara Azərbaycanda təhsilin inkişafı istiqamətində atılan son addımlar, ölkə başçısının imzaladığı fərman və sərəncamlar haqqında məlumat verib, onları ATU-da aparılan islahatlarla tanış edib.

Dokuz Eylül Universitetinin rektoru professor Nükhet Hotar da qarşılıqlı əlaqələrin dərinləşməsinin əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi universitetin böyüklüyünə görə Türkiyədə ilk 5-liyə daxil olduğunu qeyd edib: “90 min tələbə və işçimiz, 3 iri kampusumuz var. 17 fakültə arasında tibb fakültəmiz çox inkişaf edib. Universitet nəzdində 1100 çarpayılıq klinikamız fəaliyyət göstərir. Bakıda 5 universitet rəhbərliyi ilə görüşlər keçirmişik. Niyyətimiz mövcud əlaqələri daha da genişləndirməkdir. İnanırıq ki, bu saziş sayəsində istəyimizə nail ola biləcəyik”.

Görüşün sonunda Azərbaycan Tibb Universiteti və Türkiyənin Dokuz Eylül Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Tərəflər qarşılıqlı elmi işlər, araşdırma və tədqiqatlar, birgə tədbirlər keçirilməsinə dair anlaşıblar.
Bu xəbər oxucular tərəfindən 17 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed