Şrift:
Vaşinqtonda keçirilən forumda Azərbaycanda texnologiyaların inkişafı müzakirə edilib
08.06.2019 [10:45] - Gündəm, Siyasət
Texnologiya üzrə Amerika Şurası (ACT) və Sənaye Məsləhətçi Şurasının (IAC) birgə təşkilatçılığı ilə Vaşinqtonda “2019 Yeni Yaranan Texnologiyalar Forumu” keçirilib.

ABŞ hökumətinin yüksək vəzifəli dövlət rəsmilərinin, texnologiya və innovasiya sahəsində aparıcı şirkətlərin, həmçinin Vaşinqton şəhərindəki diplomatik korpus nümayəndələrinin geniş təmsil olunduğu tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov “Ölkələrin yeni texnologiya çağırışlarına yanaşmaları” mövzusunda paneldə əsas məruzəçi qismində çıxış edib.

Səfir Elin Süleymanov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi siyasətin mühüm elementləri innovasiyalar və bilik iqtisadiyyatının inkişafı olduğunu vurğulayıb. Azərbaycanın tarixən innovasiyalara meyilli və açıq ölkə olduğunu qeyd edən diplomat dünyada neftin sənaye üsulu ilə hasilatının, müsəlman Şərqində qadınlara ilk dəfə seçki hüququnun verilməsinin Azərbaycanda baş verdiyini qeyd edib.

Diplomat Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın biznesin aparılması üçün ən əlverişli mühitin yaradılması indeksi üzrə ötən illə müqayisədə ümumi sıralamada 32 pillə irəliləyərək 190 ölkə içərisində 25-ci yerə yüksəldiyini, ən çox tərəqqi etmiş 10 ölkənin sırasında rekord sayda islahat aparmış ölkə olduğunu vurğulayıb. Səfir struktur islahatların davamı və ölkəmizin innovasiyaların inkişafı sahəsində əldə etdiyi uğura misal olaraq “ASAN xidmət”i xüsusi qeyd edib, Azərbaycanın “ASAN” modelinin artıq Əfqanıstanda tətbiq edildiyini bildirib. Dövlətin innovasiya sahəsinin inkişafına ayırdığı diqqətin göstəricisi olaraq yeni yaradılmış İnnovasiya Agentliyi, həmçinin müvafiq innovasiya ekosisteminin fəaliyyəti üçün vacib elementlər olan inkubatorlar və akseleratorların təşəkkül tapdığını vurğulayıb. Uğurlu tədbirlərə nümunə olaraq 2018-ci ildə Bakı şəhərində təşkil edilmiş beynəlxalq İnnovasiya Həftəsi misal göstərildi və tədbir çərçivəsində dünyada bir ilkə imza atılaraq robot Sofiyaya viza verildiyi bildirilib. Səfir, həmçinin ötən ilin noyabr ayında ABŞ və dünyanın qabaqcıl innovasiya, startap və təhsil mərkəzlərindən biri olan Boston şəhərində 1-ci “ABŞ – Xəzər İnnovasiya Forumu”nun uğurla keçirildiyini xüsusi qeyd edib və bildirib ki, bu tipli tədbirlər iki ölkənin startap icmaları arasında əlaqələri canlandırır.

Mobil texnologiyaların və internet şəbəkəsinin ölkəmizdə geniş yayıldığını bildirən səfir, texnologiyaların inkişafının təbii olaraq kibertəhlükələr və əlaqədar fəsadlar yaratdığını və bu xüsusda Azərbaycan hökumətinin onlayn kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət yetirdiyini də bildirib. Səfir, eyni zamanda vurğulayıb ki, bəzi hallarda transmilli təhdidlər yaradan qüvvələr, o cümlədən radikal və ekstremist qruplar öz məqsədlərinə nail olmaq üçün onlayn resurslardan istifadə edirlər və bu baxımdan hər bir dövlət öz təhlükəsizliyi ilə bağlı vəzifələrini yerinə yetirməlidir.

Səfir Elin Süleymanovla yanaşı, paneldə ABŞ Dövlət Katibinin kiberkommunikasiyalar və informasiya siyasəti üzrə köməkçisinin müavini səfir Robert Ştreyer, Bəhreyn Krallığının, Sinqapurun və Estoniyanın ABŞ-dakı səfirləri də çıxış ediblər. Forum çərçivəsində süni intellekt, blokçeyn texnologiyaları və kriptovalyutalar, yeni texnologiyalar üçün milli və beynəlxalq tənzimləyici çərçivələr, həmçinin kibertəhlükəsizlik məsələləri geniş müzakirə edilib, dövlət və özəl sektordan bir sıra tanınmış simalar məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, yeni texnologiyalar və innovasiyalar sahəsində ABŞ-da keçirilən ən mötəbər tədbirlərdən biri olan sözügedən Forum çərçivəsində texnologiya sahəsində dövlət-özəl sektor çərçivəsində uğurlu əməkdaşlıq misalı olan ACT-IAC tərəfdaşlığının 40-cı ildönümü qeyd edilib.

Yusif Babanlı
Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed