Şrift:
Tripoli uğrunda döyüşlərin gedişində həlak olanların sayı 650 nəfəri ötüb
11.06.2019 [10:22] - Hərb
Aprelin 4-dən başlayaraq Liviyanın paytaxtı Tripoli ətrafında gedən döyüşlər nəticəsində həlak olanların sayı 650 nəfəri ötüb.

Bu barədə məlumat Dünya Səhiyyə Təşkilatının (DST) Liviya bölməsinin “Twitter” səhifəsində yerləşdirilib.

“Liviyanın paytaxtı Tripolinin yaxınlığında davam edən münaqişə nəticəsində 653 nəfər, o cümlədən 41 dinc sakin həlak olub, 3547 nəfər, o cümlədən 126 dinc sakin isə yaralanıb”, - DST-nin məlumatında belə deyilir.

Xatırladaq ki, aprelin 4-də Xəlifə Haftara sadiq qüvvələrin Tripoliyə hücumu başlayıb. Paytaxta nəzarət edən Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saraca tabe hərbi birləşmələr isə buna cavab olaraq tam döyüş hazırlığı səviyyəsinə gətirilib və Haftar qüvvələrinə qarşı “Qəzəb vulkanı” əməliyyatına başlayıblar. Hazırda paytaxt ətrafında döyüşlər davam edir.

2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsindən və öldürülməsindən sonra Liviya gərgin siyasi böhran dövründə yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Razılıq Hökuməti fəaliyyət göstərir.

Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir.
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed