Şrift:
Ərdəbildə Abbas Lisaninin aclıq aksiyasının 14-cü günündə minlərlə trakt paylanılıb
11.06.2019 [11:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mayın 27-dən Ərdəbil zindanında aclıq edən Güney Azərbaycan Milli Hərəkatının tanınmış mübarizi Abbas Lisaninin aclıq aksiyasının 14-cü günündə (iyunun 9-da) Ərdəbildə minlərlə trakt paylanılıb.

Yerli milli-mədəni fəallar traktları əhali arasında paylamaqla yanaşı şəhərin müxtəlif məhəllələrində divarlara da yapışdırıblar.

Traktlarda fars dilində “Azərbaycan qəhrəmanının canı təhlükədədir” sözü yazılıb.

Milli fəallar bu şəkildə Abbas Lisaninin son vəziyyətini Ərdəbil əhalisinə bildirmək istəyib və vurğulayıblar ki, tanınmış fəalın azadlığa buraxılması Güney Azərbaycanın bütün şəhərlərində tələb olunacaq.

Son iki həftə ərzində Abbas Lisaninin azad edilməsini tələb edən soydaşlarımızın sayı xeyli artıb. Onlar fəalın saxlanmasına olan etirazlarını müxtəlif formalarda nümayiş etdiriblər.

Tanınmış fəal məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O təxminən 5 aydır ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Ərdəbil prokurorunun müavini hazırladığı iddianamədə fəala qarşı 4 əsassız ağır ittiham irəli sürüb.

Abbas Lisani iyunun 10-u yerli vaxtla saat 11:00-da Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində mühakimə olunacaq.
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed