Şrift:
Türk dili kursları Şəhər İcra Hakimiyyətinin göstərişi ilə bağlanıb – Xoy şəhərində
11.06.2019 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran dövlətinin Güney Azərbaycanda türk dili və mədəniyyətinə tətbiq etdiyi təzyiqlər davam edir.

Son məkumata görə, Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy şəhərində “Səmən dəvət” qeyri-hökumət təşkilatı tərəfindən keçirilən türk dili kursları bağlanıb.

Bu barədə “Səmən dəvət”in Teleqram kanalında bir post paylaşılıb.
“Bazar ərtəsi günləri “Səmən dəvət” qeyri-hökumət təşkilatının ofisində keçirilən türk dili qrammatikası kursları Xoy Şəhər İcra Hakimiyyətinin göstərişi ilə növbəti xəbərdarlığa qədər bağlanılıb.
“Səmən dəvət” Şəhər İcra Hakimiyyətinin rəsmi icazəsi əsasında fəaliyyət göstərdiyi üçün verilən göstərişə əməl etməyə məcburdur. Kurslarda iştirak edən dostların hamısından üzr istəyirik.”- deyə paylaşılan mətndə bildirilib.

Bu xəbər sosial şəbəkələrdə geniş yayıldıqdan sonra Xoy Şəhər İcra Hakimiyyəti və bu şəhərin təhlükəsizlik orqanları qeyri-hökumət təşkilatını təhdid edərək paylaşdığı mətni Teleqram kanalından silməyə məcbur ediblər.

Bundan sonra təşkilat kanalında fərqli bir mətn paylaşmaya məcbur olub.
“Şəhər İcra Hakimiyyətindən əlaqə saxlayaraq belə bir şərh verdilər:
“Səmən dəvət” müvəqqəti icazə ilə fəaliyyət göstərdiyinə və hələlik rəsmi icazə almadığına görə hərhansı kurs təşkil edə bilməz. Bunun üçün Şəhər İcra Hakimiyyətinin rəsmi icazəsi lazımdır.
“Səmən dəvət” rəsmi icazə alana qədər hələlik bütün fəaliyyətlərini dondurur.”- deyə kanalda paylaşılan postda bildirilib.

Qeyd edək ki, İranda 30 milyondan çox Azərbaycan türkü öz ana dilində təhsil almaq hüququndan məhrumdur. Ona görə də dil və mədəniyyət sahəsində fəaliyyət göstərən soydaşlarımız müxtəlif məntəqələrdə türk dili kursları təşkil etməyə çalışır, lakin bu kurslar ardıcıl hökumət tərəfindən bağlanılır. Hökumət uzun illərdir ki, milyonlarla insanın ana dilində təhsil hüququ ilə bağlı tələbini təmin etməkdən imtina edir.

N.S
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed