Şrift:
BƏT konfransı: dövlət və hökumət başçıları sosial ədaləti dəstəkləyirlər
12.06.2019 [15:29] - Xəbərlər, Sosial
Cenevrədə keçirilən illik konfransa onlarca ölkənin dövlət və hökumət başçıları, minədək nümayəndə qatılıb. Builki forum xüsusidir – Beynəlxalq Əmək Təşkilatı (BƏT) özünün bir əsrlik yubileyini qeyd edir və gələcəkdə insanların necə işləyəcəkləri barədə qərar verir.

BMT-nin Xəbərlər Mərkəzi xəbər verir ki, Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedevin fikrincə, iş vaxtı müddətinin təşkilinin “daha loyal” olmalıdır: çevik qrafiklər, distansiya formatları tətbiq edilməli, əməkdaşlar buna ehtiyac olduğu təqdirdə işə çağırılmalıdır. Rusiyalı Baş nazir konfransda deyib: “Gələcəkdə sosial-əmək müqaviləsinin əsası kimi iş həftəsinin dördgünlük olması mümkündür”. O, dördgünlük iş həftəsini tətbiq edən və öz əməkdaşlarına üçüncü istirahət günü üçün də qalan iki gün kimi əməkhaqqı ödəyən Yeni Zelandiya şirkətlərindən birini misal çəkib. “Yekunda bir iş saatı üçün təkrar hesablamada məhsuldarlığın artımı 20 faizə yaxın təşkil edib, əməkdaşlar arasında stresin səviyyəsi isə əhəmiyyətli dərəcədə azalıb”, - deyə Medvedev qeyd edib.

Onun sözlərinə görə, daim uğur dalınca qaçmaq “xroniki” yorğunluğa çevrilir. “İnsanlar bəzən işdə sadəcə “yanırlar” və bu, işin məhsuldarlığının azalmasına gətirib çıxarır, iqtisadi göstəricilərdə öz əksini tapır”, - deyən Baş nazir xatırladıb ki, Dünya Səhiyyə Təşkilatı “emosional yanma sindromu”nu rəsmi şəkildə xəstəlik kimi qəbul edib.

Fransa Prezidenti Emmanuel Makron özünün 45 dəqiqəlik çıxışında cəmiyyətin təbəqələşməsi təhlükəsi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, kapitalın çox az sayda insanın əlində cəmləşməsi güclünün haqlı hesab edildiyi “cəngəlliklər qanunu”nun bərqərar olmasına gətirib çıxarıb. Bu da, öz növbəsində, millətçiliyin, ksenofobiyanın artmasına və demokratiyaya ümidin itirilməsinə səbəb olur.

E.Makron deyib: “Bizim hazırda yaşadığımız bazar iqtisadiyyatının şərtləri İkinci Dünya müharibəsindən sonra nəzərdə tutulduğundan daha sərtdir. Biz hələ çox da sezilməyən böhranı yaşayırıq, çünki qurbanlar bir-birindən hədsiz dərəcədə ayrılıblar və onların ümumi mərkəzi yoxdur”. Fransa Prezidenti qeyri-bərabərliyi azaltmaqdan ötrü beynəlxalq əməkdaşlığı möhkəmlətməyə və Avropa İttifaqı ölkələrində minimal əməkhaqqı tətbiq etməyə çağırıb. Makron xəbərdarlıq edib ki, əks təqdirdə işçilər öz ölkələrini tərk edəcək və minimal əməkhaqqı tətbiq olunan digər ölkələrə, məsələn, Fransa və Almaniyaya üz tutacaqlar.

Almaniyanın kansleri Angela Merkel xatırladıb ki, dünyada 152 milyon uşaq işləyir, onlardan 73 milyonu sağlamlıq üçün təhlükəli şəraitdə çalışır. O deyib: “Bunun yolverilməz olduğu göz qabağındadır”. Merkel nümayəndələri Beynəlxalq Əmək Təşkilatının bu vəziyyətə 2025-ci ilədək son qoymaq barədə təşəbbüsünü dəstəkləməyə çağırıb.

Onun sözlərinə görə, yalnız sosial ədalət sülhün qorunmasına yardımçı ola bilər. “Biz hər şeyin qarşılıqlı əlaqədə olduğu müasir aləmdə iqtisadi artımı uşaqlar da daxil olmaqla hər kəsin hiss edəcəyi sosial tərəqqiyə yönəltməyə çalışmalıyıq”, - deyə Merkel bəyan edib.

Merkel hesab edir ki, qloballaşma sosial ədalətsizliyə gətirib çıxarır: 232 milyon əməkçi miqrant tikintidə və ev qulluqçusu qismində işləyərək istismara məruz qalır. O, həmçinin xatırladıb ki, 700 milyon insan işlədiklərinə baxmayaraq, səfalət içində yaşayır.

Almaniya kansleri BƏT-in 1944-cü ildə dərc edilmiş bəyannaməsindən sitat gətirib: “Əmək əmtəə deyil. Yoxsulluq hər bir cəmiyyətin rifahı üçün təhlükədir”.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed