Şrift:
Fərəc Quliyev: Vəzifəli şəxslər gəlir və əmlak bəyannaməsi təqdim etməlidir
14.06.2019 [14:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin bu gün- 14.06.2019 tarixində keçirilən plenar iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin etdiyi çıxışın tam mətnini və səs yazısını təqdim edirik:

"Hörmətli sədr və hörmətli həmkarlarım!
Azərbaycan Respublikası Cinayət-prossesual məcəlləsində 40 və 132-ci maddədə ediləcək bu günkü dəyişiklik hesab edirəm ki, ölkədə korrupsiyanın, gizli iqtisadiyyatın və çirkli pulların aşkarlanmasına , rüşvətin səviyyəsinin aşağı salınmasında yardımçı olacaq.
Cinayət yolu ilə əldə edilmiş pulların aşkarlanması və dövlətin nəfinə keçirilməsi üçün iki təklifimi nəzərinizə çatdırmaq istəyirəm.
Birinci -Vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsini təqdim etməsidir. Cinayət baş verənə qədər təqsirləndirilənin gəlir və əmlakı haqda məlumat olmadan cinayət yolu ilə əldə edilmiş pullar haqda dürüst qərar vermək asan deyil.
Ona görə də "Maliyyə xarakterli məlumatlar haqqında" Bəyannamə forması və digər məsələlərlə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər haqqında təkliflər hazırlanmalıdır.
2005-ci il iyunun 24-də "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları" təsdiq edilib. Amma, Nazirlər Kabineti indiyədək bəyannamə formasını hazırlamayıb.
Bəyannamə formasında vəzifəli şəxslərin əmək haqları və bütün gəlirləri də daxil olmaqla mülkiyyətləri, valideynlərinin vergitutma olan obyektləri, mülkiyyət payları, səhmləri, şərti maliyyə vahidinin beş min manatdan yuxarı olan borcları da göstərilməklə əmlak xarakterli öhdəliklərinin göstərilməsi nəzərdə tutulmalıdır.
Vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi təqdim etməsi korrupsiya və rüşvətin səviyyəsinin aşağı salınmasında mühüm amil ola bilər.
Bu addım həm də vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılıq mexanizmlərinin yaradılması üçün vacibdir.
Gəlir bəyannamələri eyni zamanda, hüquq-mühafizə orqanları üçün əhəmiyyətli alətdir. Çünki kənar nəzarət və ictimai qınaq vəzifəli şəxsləri rüşvət və korrupsiyadan çəkindirə bilər.
Vəzifəli şəxslərin əmlak və gəliri ilə bağlı bəyannamələrin təqdim edilməməsi siyasi partiyalar və vətəndaş cəmiyyətləri tərəfindən dəfələrlə tənqid edilib.
Hesab edirəm ki, vəzifəli şəxslərin gəlirlərinin şəffaf olması ölkədə korrupsiyanın, gizli iqtisadiyyatın və çirkli pulların aşkarlanmasına səbəb olacaq.
İkinci məsələ isə cinayət yolu ilə əldə edilmiş pulların dövlət nəfinə büdcəyə daxil edilməsidir.Mən dəfələrlə-xüsusilə Büdcə müzakirələırində və eləcə də son iclasda hökumətin hesabatına münasibət bildirəndə də bu məsələni qaldırmışam.Büdcədə cinayət yolu ilə əldə edilmiş pulların,müsadirə olunmuş vəsaitlərin göstərilməsi üçün xüsusi bir bölüm olmalıdır.Bu həm ictimaiyyət qarşısında hesabatlılıq,həm də şəffaflıq üçün yaxçı alətdir.Beynəlxalq ictimayətdə də bu rəgbətlə qarçılanar və Azərbaycanın imicinə müsbət təsir edər.
Bu təkliflərimin nəzərə alınması hesab edirəm ki , Azərbaycan Respublikası Cinayət-prossesual məcəlləsində ediləcək bu günkü dəyişikliklərin daha işlək vəziyyətdə olmasına ciddi yardım etmiş olar.
Diqqətinizə görə təşəkkür edirəm."
Bu xəbər oxucular tərəfindən 1256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed