Şrift:
Ölkənin belə günündə arvadını qoltuğuna vurub Avropanı, Amerikanı gəzmək nə deməkdir?
17.06.2019 [12:32] - Xəbərlər, Siyasət, Bildiriş
"Oğluma iki cüt ayaqqabı alınanda deyirəm ki, onun birini verin kasıb uşağına, gərək xalqla ayaqlaşasan"


Elçibəy ailəsi haqqında...

- Şayiələrin mühüm qismi ailənizlə bağlıdır. Siyasi rəqibləriniz bu sahədən çox asanlıqla istifadə edə bilirlər, çünki Siz ailəniz haqqında, demək olar ki, heç bir məlumat vermirsiniz. Xüsusən prezident seçkiləri ərəfəsində ailəniz haqqında ən iyrənc iftiralar dolaşırdı...

- Hansı prezident seçkilərində?

- 1992-də - Siz prezident seçilən vaxt. Ona görə də ailəniz barədə az-çox tutumlu məlumat vermənizi istərdim, çünki mənim özüm həmin söhbətlərin şahidiyəm.

- Bilirsiniz, düşmən düşmənçiliyini edəcəksə, sən nə deyirsən de. Bu şayiələri sistemli şəkildə və əsasən vahid mərkəzdən yayırlar. Hər şeyi bir kənara qoyaq, razı deyiləm ki, mənim mövqeyimə görə oğlum, qızım, ailəm təbliğ olunsun. Belə şeyi xoşlamıram. Hər şeyi hamı həyatda özü qazanmalıdır. Bunu uşaqlarıma da deyirəm: niyə mənə görə şöhrət qazanmalısan? Niyə mənə görə gedib çıxmalısan qəzetin yuxarı səhifəsinə? Mən bunu ədalətli saymıram. Gəlib deyirlər ki, icazə verin, uşaqlarınızdan müsahibə götürüm. Deyirəm ki, mənimkilərdən istedadlı yüzlərcə uşaq var, niyə gedib onlardan götürmürsünüz? Elə istedadlar var ki, onları tapıb üzə çıxarmaq lazımdır.

- Bəy, ümumiyyətlə, Sizi ailə məsələlərinə münasibətdə çox mühafizəkar adam sayırlar...

- Atam müharibədə həlak olub, bizi dayım saxlayıb. O, çox sərt adamdı. Ümumən kənd adamlarımızda əxlaq məsələləri ilə bağlı bir sərtlik vardı. Məsələn, adam böyüklərin yanında öz uşağının adını çəkməz, onu qucağına almazdı. Mənim böyük qardaşım İbrahimin uşaqları dayımın yanında ona yaxınlaşanda o, üzünü yana tutardı. Biz belə mühitdə böyümüş, tərbiyələnmişik. Bu, Azərbaycanda bir əxlaq normasıdır.

Bilirsiniz sonradan nə oldu? Bizim bəzi bəylərdən öz ailələri haqda soruşanda dedilər ki, mən xanımımı sevib ailə qurmuşam. Üstündən bir az keçdi, qara niyyətli adamlar başladılar ki, bunlara bax, arvadlarından danışırlar. Təhqiramiz şeylər yazdılar. Belə işlərisə mən xoşlamıram. İstəyirəm ki, ailə həyatım siyasi həyatıma qətiyyən qatışmasın. İxtiyarı yoxdur - mən buna imkan vermərəm! Bütün fitnələrin qarşısını almaqçün qəsdən ailəmlə siyasi həyatım arasında dəmir pərdə çəkirəm.

Fikrimcə, ailə elə müqəddəs bir nemətdir ki, onu hətta ən əhəmiyyətsiz kölgələrdən belə qorumaq ailə başçısının ən birinci vəzifəsidir. Ailə də dövlət kimidir - onun sirlərini ən sayıqlıqla qorumaq gərəkdir, onun sərhədlərindən içəridə nə baş verdiyini ən məhdud sayda adamlar bilməlidir. Məncə, ailə insanın özünə məxsus ən məhrəm özəl sərvətidir və başqalarının onun daxilinə boylanmaq istəməsi yolverilməzdir. Siyasətçilər bu məsələdə xüsusən həssas olmalıdırlar, çünki onların, əxlaq qaydalarını gözləməyi sevməyən rəqibləri də az olmur və həmin rəqiblər səni məğlub etməkdən ötrü ailəni nişangaha götürə bilər.

Bax, bu mülahizələr üzündən mən ailəmdən danışmağı xoşlamıram. Ancaq bunlar heç də o demək deyil ki, mən ailəmi cəmiyyətdən təcrid etmişəm və onun başqalarıyla ünsiyyətinin qarşısını alıram. Əksinə, fikrimcə, mənim ailəmdə əsl demokratik atmosfer hökm sürür - hərə öz hərəkətlərində tam sərbəstdir. Sadəcə, mən üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram.

Bir çox adamlar məni tənqid edir ki, niyə uşaqları (həyat yoldaşı Həlimə xanımı nəzərdə tutur - Ə.T.) xarici ölkələrə, yaxud hansısa yığıncağa, tədbirə aparmadın? Bilirsiniz, ölkənin vəziyyəti ağır olanda xalq belə işlərə xüsusən pis baxır və onun buna haqqı var. Ölkənin belə günündə, üzr istəyirəm, arvadını qoltuğuna vurub Avropanı, Amerikanı gəzmək nə deməkdir? Mən düşünürdüm ki, xalq xoşbəxt olsun, sonra biz də istədiyimiz kimi sərbəst yaşayarıq.

Üzr istəyirəm, mənim oğluma iki cüt ayaqqabı alınanda deyirəm ki, onun birini verin kasıb uşağına. Gərək xalqla ayaqlaşasan. Amma elə şeylər var ki, gərək tərəzinin gözünü əyməyək. Məsələn, mənə irad tuturlar ki, Əbülfəz artıq xarici maşında gəzir. Mən keçmiş prezidentəmsə, siyasi liderəmsə avtobusla gedib-gəlməklə fəaliyyət göstərə bilmərəm - avtobus növbəsinə dursam, siyasi işlərə vaxt qalmaz. Bütün dünyada siyasi xadimlərin xidməti və ya şəxsi maşını var. İndi Azərbaycanda şəxsi minik avtomobillərinin 60 faizi xarici markalıdır. Bəs niyə hətta orta təhsili olmayan adicə bir kommersantın xarici maşının olması təbii sayılır, ancaq dövlətin prezidenti olmuş şəxsə bu, çox görülür?! Sizin sözünüzün qüvvəti, çox qəribə vəziyyət yaranır: qabaqlar deyirdilər ki, o özünə ev almışdı ki, xalqa da ev versin? İndi deyirlər ki, özünə neçə otaqlı mənzil alır. Onda deyirdilər ki, küçədə, piyada gəzir, camaatın içində gedir. İndi deyirlər ki, xarici maşına minir. Onda xalqla səmimi danışanda deyirdilər ki, ciddi adam deyil, bundan prezident çıxmaz. İndi deyirlər ki, o vaxt sərtlik göstərdi, Gəncədə qan töküldü.

(Adalet Tahirzade. "Qurtuluş və bütövlük yolu (Elçibəylə 6 söhbət)", səh. 183-185)

Moderator.az hər gün ruhunu milyon kərə rəhmət oxutduran Elçibəylə bağlı bu kövrək xatirəni təzələdiyinə görə jurnalist həmkarımız Cavid İsmayıla təşəkkür edir.
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed