Şrift:
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub
25.06.2019 [10:14] - Köşə yazarları, Siyasət
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun iyunun 24-də Monteneqronun Baş Naziri Duşko Markoviç ilə görüşü olub.

Əvvəlcə Azərbaycanın və Monteneqronun Baş nazirlərinin təkbətək görüşü keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Baş Nazir Novruz Məmmədov Azərbaycan-Monteneqro dostluq əlaqələrindən danışaraq ölkələrimiz arasında çox yaxşı münasibətlərin qurulduğunu vurğulayıb. “Azərbaycan hər zaman Monteneqro ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Hesab edirəm ki, münasibətlərimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi rolu var. Əlbəttə, bu səfərlərin, aparılan danışıqların nəticəsidir ki, bu gün ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən qarşılıqlı investisiyaların qoyuluşu sahəsində səmərəli əməkdaşlıq mövcuddur. Biz gələcəkdə bu əlaqələri daha da genişləndirməliyik. Sizin səfəriniz də bu münasibətlərin inkişafına öz müsbət töhfəsini verəcək”, - deyə Novruz Məmmədov vurğulayıb.

Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 rayonun uzun illərdir erməni işğalı altında olduğunu bildirən Novruz Məmmədov qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən Baş Nazir Duşko Markoviç Azərbaycan ilə Monteneqro arasında çox yaxşı münasibətlərin mövcud olduğunu vurğulayıb. “Monteneqro kiçik ölkədir. Bizim bir çox ölkələrlə dostluq əlaqələrimiz var. Bu münasibətlərin bəziləri, o cümlədən Azərbaycan ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır”,- deyə Duşko Markoviç vurğulayıb.

Görüşdə enerji, turizm, tikinti, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

x x x

İyunun 24-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun adından Monteneqronun Baş Naziri Duşko Markoviçin şərəfinə rəsmi nahar verilib.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed