Şrift:
AŞPA-nın yay sessiyası işə başlayıb
25.06.2019 [10:32] - Siyasət
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayıb.

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiyanın ilk günündə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt komitəsinin “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnaməsinə dair dinləmələr keçiriləcək. Dinləmələrdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edəcək.

Sessiya çərçivəsində iyunun 25-də 5 ildir ki, Ermənistan tərəfindən girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə həsr edilmiş dinləmələr olacaq.

Yay sessiyasında səlahiyyətlər və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinə dair müzakirələr diqqət mərkəzində olacaq. Həmçinin 70 illik yubileyini qeyd edən Avropa Şurasının yeni Baş katibi seçiləcək, Fransanın Avropa işləri üzrə dövlət katibi Nazirlər Kabinetinin məlumatını təqdim edəcək. Bundan başqa, Portuqaliyanın Prezidenti Marselo Rebelo de Susanın çıxışı gözlənilir.

Yay sessiyasında qadınlara, uşaqlara qarşı zorakılıqla mübarizəyə, gender bərabərliyinə dair birgə müzakirələr aparılacaq. Uşaq alverinə, onların cinsi istismarına dair BMT-nin xüsusi məruzəçisinin hesabatı dinləniləcək.

Həmçinin Suriyadakı vəziyyət, Bolqarıstanla monitorinq sonrası dialoq, eləcə də Avropa Şurasının büdcəsi məsələlərinin müzakirəsi gözlənilir.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed