Şrift:
"Müslüm Maqomayevin ulduzu həmişə yanır..." (FOTO, VİDEO)
18.08.2012 [13:54] - Mədəniyyət
Sənətkarın doğum gününü qeyd edənlər onun Fəxri Xiyabandakı məzarını ziyarət etdilər


Bu gün görkəmli bəstəkar-müğənni, dünya şöhrətli opera və estrada müğənnisi və nəhayət Azərbaycanın fəxri Müslüm Maqomayevin doğum günüdür.Sənətkarın doğum gününü qeyd edənlər onun Fəxri Xiyabandakı məzarını ziyarət etdilər. Sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya, ailəvi dostları Araz və Emin Ağalarovlar, bəstəkar Siyavuş Kərimi, xalq artistləri Fidan və Xuraman Qasımovalar bacıları, Rəşidə Behbudova, Mənsum İbrahimov, Rusiyanın Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Vladimir Doroxin, xalq rəssamları Tahir Salahov və Fərhad Xəlilov və başqaları böyük məhəbbətlə Müslüm Maqomayevin məzarı önünə çiçəklər qoydular və ürək sözlərini dedilər.

Sənətkarın yaxın dostu Fərhad Xəlilov onunla hər gün internet və telefon vasitəsilə əlaqə saxladığı günləri xatırladı: "Müslüm Bakını çox sevirdi, darıxırdı Bakı üçün. Mənə deyirdi ki, Bakı ilə sağollaşmadan yerimə uzana bilmirəm. Bakıdan bir nəfərlə danışmasam, yata bilmirəm".

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin öz kiçik çıxışında azərbaycanlı müğənniyə olan sevgisini çatdırdı: "Müslüm Maqomayevin yaradıcılığı və şəxsiyyəti Rusiya və Azərbaycan arasındakı körpünü simvolizə edirdi. Çıxışımı Lev Leşenkonun Müslüm Maqomayev haqqında söylədikləri ilə tamamlamaq istəyirəm: "Müslümün bərabəri olmayıb və olmayacaq da". Mən bu sözlərlə tam razıyam".

Ömür-gün yoldaşı Tamara xanım isə hər kəsə öz təşəkkürünü bildirdi: "Müslüm ad günlərini Bakıda keçirməyi sevirdi. Hər ad günündə Bakıda olmaq istəyirdi. O, bunların hamısını görür, hiss edir. Bura gəldiyinizə görə hər birinizə təşəkkür edirəm".

Tamara Sinyavskaya ömür-gün yoldaşının yoxluğu ilə barışmadığını dilə gətirdi: "Deyirlər zaman ağrını-acını unutdurur. Amma zaman keçsə də, Müslümün itkisi ilə barışa bilmirəm”.

Müslüm Maqomayevi özünə kumir seçən tanınmış bəstəkar və müğənni Emin Ağalarov müəllimini şəxsən təbrik etməyin mümkümsüzlüyünə təəssüf hissi keçirdiyini bu sözlərlə ifadə etdi: "Fərhad Xəlilov çox doğru dedi ki, biz əlimizdə badə onu şəxsən təbrik edə bilmirik. O bizim yanımızda olmasa da, Müslüm Maqomayev ölməzdir. Onun şəxsiyyəti əbədidir, onun ulduzu həmişə yanır. Onun ulduzu kimi parlaq ulduz yoxdur.
İndi onun 70 yaşımı qeyd edirik. Yaşadığı illərdən çox şeylər xatırlamaq olar. Onun mahnıları, filmləri, bəstələdiyi mahnılar, çəkdiyi rəsmlər, onun yaratdığı heykəllər... onun istedadı hüdudsuz idi. Müslüm Maqomayev mənim xatırlaya biləcəyim ən istedadlı azərbaycanlıdır!”



"Müslüm Maqomayevin ulduzu həmişə yanır..." (FOTO, VİDEO)
"Müslüm Maqomayevin ulduzu həmişə yanır..." (FOTO, VİDEO)
"Müslüm Maqomayevin ulduzu həmişə yanır..." (FOTO, VİDEO)
"Müslüm Maqomayevin ulduzu həmişə yanır..." (FOTO, VİDEO)
Bu xəbər oxucular tərəfindən 1349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed