Şrift:
Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”da Azərbaycana ilk qızıl medal qazandırıb
27.06.2019 [09:58] - Gündəm, İdman
İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medal qazandırıb.

57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” Avropa Oyunlarının çempionu olub.

İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.

Xatırladaq ki, M.Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz yarımfinalda Rusiya idmançısı Zavur Uquyev ilə qarşılaşıb. Bu görüşdə M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək qarşılaşmanı qələbə ilə başa vurub – 3:2.

Xatırladaq ki, 22 yaşlı Mahir Əmiraslanov bu ilin aprelində Rumıniyada keçirilən Avropa çempionatında bürünc medala sahib olub.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed