Şrift:
Azərbaycan V Beynəlxalq Türk Dünyası Turizm Simpoziumunda təmsil olunub
28.06.2019 [10:35] - Türk dünyası-Turan
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları Aynur Bağırlı və Sənubər Qənbərova Qazaxıstan Respublikasının Taraz şəhərində keçirilən V Beynəlxalq Türk Dünyası Turizm Simpoziumunda ölkəmizi təmsil ediblər.

ATMU-dan bildirilib ki, beynəlxalq tədbirdə Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Rusiya və digər ölkələrin aparıcı ali məktəblərinin professor-müəllim heyəti, eləcə də turizm təşkilatlarının nüfuzlu nümayəndələri iştirak ediblər. Doqquz ölkənin 20-dən çox ali təhsil müəssisəsinin təmsilçilərinin iştirakı ilə keçirilən simpoziumda ATMU-nun əməkdaşı Aynur Bağırlı “Gənclərin məşğulluğunun təmin edilməsində turizmin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi gənclərin işsizlik probleminin həlli yolları, turizm sektorunda gənclərin yeri, Azərbaycanda gənclərin işlə təminatında turizmin rolu və s. məsələlərə aydınlıq gətirib. Sənubər Qənbərova isə “Azərbaycanın cənub rayonlarında turizmin inkişafı (Masallı rayonunun timsalında)” mövzusunda məruzəsində ölkəmizin cənub bölgəsinin turizm potensialı müstəvisində Masallının tarixi-memarlıq abidələri, turizm imkanları və adət-ənənələrindən ətraflı bəhs edib.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Xatırladaq ki, I Beynəlxalq Türk Dünyası Turizm Simpoziumu ilk dəfə 2015-ci ildə Türkiyənin Kastamonu şəhərində, sonrakı illərdə Qazaxıstanın Almatı, Qırğızıstanın Bişkek və yenidən Türkiyənin Kastamonu şəhərində olub. Növbəti VI beynəlxalq simpoziumun 2020-ci ildə Türkiyənin Pamukkale şəhərində keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed