Şrift:
Çin və ABŞ liderlərinin Osakada görüşü keçirilir
29.06.2019 [10:32] - Xəbərlər, Siyasət
Yaponiyanın Osaka şəhərində “Böyük iyirmilər” (G20) qrupunun zirvə toplantısında iştirak edən Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın görüşü keçirilir.

İki ölkə arasında ticarət mübahisələrinin davam etdiyi gərgin vaxta təsadüf edən görüşü dünya mediası diqqətlə izləyir. Belə ki, ekspertlər bu görüşün nəticələrinin təkcə iki ölkə arasında ticari münasibətlərə deyil, eləcə də dünya ticarətinə, birjalara təsir edəcəyinə inanırlar.

Çin KİV-ləri xəbər verir ki, Sədr Si Cinpin görüşdə iki ölkənin əməkdaşlıqdan və dialoqdan qazanacağını, qarşıdurmadan isə itirəcəyini deyib.

Xatırladaq ki, iki ölkə arasında davam edən ticarət mübahisələri, qarşılıqlı olaraq idxal rüsumlarının çoxaldılması, Birləşmiş Ştatların “Huawei” də daxil olmaqla Çinin texnologiya şirkətlərinə tətbiq etdiyi qadağa və məhdudiyyətlər, habelə Cənubi Çin dənizindəki vəziyyət, ABŞ-ın Tayvan adası ilə əlaqələri Çin-ABŞ münasibətlərində gərginliyin yaranmasına səbəb olub.

Prezident Donald Tramp Çinlə ticarətdə 500 milyard dollara çatan xarici ticarət defisitindən narazı olduğunu dəfələrlə vurğulayıb. Vaşinqtonla Pekin ticarət mübahisələrinin nizamlanması üzrə bir neçə ay danışıqlar aparıb. Danışıqların sonuncu - 11-ci raundu may ayının əvvəlində ABŞ-ın paytaxtında nəticəsiz başa çatıb. Bundan sonra ikitərəfli məsləhətləşmələr dalana dirənib.

Şahin Cəfərov
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed