Şrift:
Şəki onuncu dəfə beynəlxalq musiqi festivalına ev sahibliyi edir
29.06.2019 [10:55] - Xəbərlər, Mədəniyyət
Bu gün Şəkidə “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı başlanır.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən musiqi festivalında bir sıra ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.

Şəkidə festivala hazırlıq işləri artıq başa çatıb, tədbirlərin keçiriləcəyi tarixi məkanlar, konsert zalları tam hazır vəziyyətə gətirilib. İyunun 29-da axşam “Yuxarı Karvansaray” mehmanxana-kompleksində Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçiriləcək. Rəsmi hissədən sonra festival iştirakçılarına dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim olunacaq.

2019-cu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlamətdardır. Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq festival günlərində “Nəsimiyə ithaf” vokal-xoreoqrafik kompozisiyası nümayiş olunacaq və Şəki Musiqi Kollecində “Nəsimi mövzusunun Azərbaycan bəstəkarlarının əsərlərində təcəssümü”nə həsr edilmiş dəyirmi masa keçiriləcək.

Festival çərçivəsində növbəti günlərdə Rusiya, Macarıstan, Qazaxıstan, Türkiyə və TÜRKSOY-a daxil olan ölkələrin musiqi kollektivləri rəngarəng konsert proqramları ilə çıxış edəcəklər.

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalına iyulun 3-də yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed