Şrift:
İran rəsmisi: “Bizdə həqiqətən də siyasi məhbus yoxdur”
02.07.2019 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayili iyunun 30-da dövlət televiziyasfına müsahibəsində ölkə zindanlarında saxlanılan minlərlə siyasi məhbusu “terrorçu” adlandırıb.

Öz açıqlamasında üç həftə əvvəl Tehranın Fəşafuyə zindanında müəmmalı şəkildə 27 bıçaq zərbəsi ilə öldürülən 21 yaşlı siyasi məhbus Əlirza Şirməhəmməd Əlinin qətlini adi məhbusların boynuna yıxan Qulamhüseyn İsmayili deyib ki, İran zindanlarında hər hansı bir siyasi məhbus yoxdur: “Zindanlarda saxlanılanlar siyasi məhbus deyillər. Onlar ya terrorçulardır, ya hakim sistemə və islam inqilabına müxalif olanlardır, ya da xarici casus şəbəkələri ilə əməkdaşlıq edən məhbuslardır. Bizdə həqiqətən də siyasi məhbus yoxdur” – İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayili vurğulayıb.

Xatırladaq ki, 2018-ci ilin avqust ayında rejimə qarşı dinc eirazlarda həbs edilən 21 yaşlı Əlirza Şirməhəmməd Əli islam respublikasının qurucusu Ruhullah Xomeynini və İracnın hazırkı dini lideri Əli Xamneyini təhqir etməkdə və hakim sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılaraq 8 il həbsə məhkum edilmişdi. O, siyasi ittihamlarla həbs edilsə də, siyasi məhbusların saxlandığı korpusa yox, qəsdən qatillərin, quldurların, oğruların və narkomanların saxlandığı korpusa salınmışdı. Onu naməlum səbəbə görə 27 blçaq zərbəsi ilə qətlə yetirən iki qatil də məhz həmin korpusda saxlanılan məhbuslardır. İrandakı hüquq müdafiəçiləri isə qətlin sifarişli şəkildə həyata keçirildiyini bildirirlər.

Qeyd edək ki, son 40 ildə İranda radikal ruhanilərin hakimiyyətə gəlişindən sonra on minlərlə siyasi məhbus Tehranın Evin zindanında, eləcə də İranın müxtəlif həbsxanalarında edam edilib. Hazırda isə İran zindanlarında minlərlə siyasi məhbus saxlansa da, rejim rəsmiləri mediaya açıqlamalarında bunu təkzib edir, onların siyasi əqidələrinə görə tutulmadıqlarını iddia edirlər.
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed