Şrift:
Güneyli fəallar İranda apartheydın aradan qaldırılması və etniklərə mənsub fəalların azadlığa buraxılmasını tələb edən kampaniya keçirir
02.07.2019 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəallar internetdə kampaniya keçirərək türk milli-mədəni fəalların əleyhinə uydurma dosye təşkil edilməsini kəskin pisləyib, onlar və qeyri-fars millətlərinə mənsub digər fəalların azadlığa buraxılmasını istəyiblər. Kampaniya iştirakçıları İran dövlətindən bu istiqamətdə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsini və ölkədə apartheydın aradan qaldırılmasını da tələb edib.

Qısa müddətdə təxminən 350 tanımmış güney azərbaycanlı fəalın qatıldığı kampaniya davam edir. Fəallar bu vasitə ilə qondarma ittihamlarla həbs edilən milli-mədəni fəalların azadlığa buraxılmasını tələb edir və məhkəmə sisteminin müstəqil əməl etməməsinə etiraz bildirirlər. (Kampaniyanın linki: https://t.me/imzakampanyasi2019)

“Ölkədə bir dil və mədəniyyətin hökm sürməsi istiqamətində aparılan siyasət çoxmillətli İran camiəsini bürüyüb, bu siyasət müxtəlif dil və mədəniyyətlərin sıradan çıxarılması üçün bir vasitəyə çevrilib.
Qeyri-fars millətlərinin bu şəkildə təhqir və ayrı-seçkiliyə məruz qalması irqçiliyin bariz nümunəsidir. Bu, ilahi hökmlərə zidd olmaqla yanaşı ölkə və beynəlxalq qanunlara da uyğun deyil.”- deyə kampaniyanın mətninin bir hissəsində qeyd olunub.

Kampaniya təşkilatçıları İranın imzaladığı konvensiyalar və beynəlxalq insan hüquqları müqavilələrini xatırladaraq vurğulayıblar ki, hökumət götürdüyü öhdəliklərə əməl etmir, hətta ernik hüquqları ilə bağlı fəaliyyət göstərən milli-mədəni fəallar, ətraf mühit (Urmu gölü böhranı ilə bağlı) müdafiəşiləri və insan hüquqları fəalları qondarma ittihamlarla ağır şəkildə cəzalandırılır.

“Fəalların dosyesinin təşkil olunmasında və çıxarılan hökmlərdə məhkəmə sistemi müstəqil əməl edə bilmir. Məhkəmə təhlükəsizlik orqanlarının diktəsi ilə qərar verir. Belə faktlara Həkimə Əhmədi, Abbas Lisani, Kazım Səfabəxş, Lətif Həsəni, Siyamək Mirzayi, Musa Ziya Gərgəri, İbrahim Nuri, Kiyanuş Aslani, Əmir Səttari, Tohid Əmir Əmini, Səccad Şəhiri, Səhənd Məali, Hamid Allahverdi, Əbülfəz Fəkuri, Mehdi Kuxiyan, Əkbər Əzizi, Məhəmmədrza Qurbani, Məhərrəm Xoşnam, Qulamrza Rəçidi və s. kimi fəalların dosyesində rast gəlinir.
Hazırda Kazım Səfabəxş Azərbaycanın “Traxtur” komandasına dəstək verdiyinə və komanda tərəfdarlarının Teleqram kanalına üzv olduğuna görə 13 illik həbs cəzası ilə üzləşib.
Tanınmış fəal Abbas Lisani də qondarma və ağır ittihamlarla mühakimə olunub. O təxminən 6 aydır ki, müvəqqəti saxlanma qərarı ilə Ərdəbilin Mərkəzi Zindanında saxlanılır.
Siyamək Mirzayi isə Evin zindanında 3 illik məhkumluq müddətinin son günündə yenidən məhkəməyə çağırılıb və uydurma ittiham və dosye ilə üzləşib və … .
Biz kampaniyaya qoşulunlar dinc yolla fəaliyyət göstərən bütün türk milli-mədəni fəallar, həmçinin qeyri-fars etniklərinə mənsub fəalların haqlı mövqeyini dəstəkləyərək qondarma ittihamlarla həbs olunan bütün fəalların sərbəst buraxılmasını tələb edir, uydurma dosyelərin təşkil olunmasına son verilməsini tələb edirik. İnsan hüquqları sahəsində fəaliyyət göstərən fəallar, xüsusi ilə də ölkə daxili və xaricdəki fəal hüquqşünaslardan sözügedən mövzununun səlahiyyətli qurumlarda gündəmə gətirilməsini istəyirik.”- deyə kampaniyanın mətnində qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed