Şrift:
Əli Kərimlinin uğursuz “Marafon”u
02.07.2019 [11:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ekspertlərin fikrincə, “demokrat” cildindən “xeyriyyəçi” roluna girənlərin əsl məqsədi başqadır

Uzun müddətdir şər və böhtan yağdırmaq üçün mövzulardan məhrum olan radikal müxalifət düşərgəsi yenidən köhnəlmiş üsullara əl atmağa başlayıb. Maraqlı ondadır ki, tükənmiş radikal düşərgənin bütün "üsul və metodları” qanunların pozulmasına, yalançı hay-küyə hesablanır. Xüsusilə də AXCP sədri Əli Kərimli və onun ətrafında olanlar. Elə bu günlərdə Ə.Kərimlinin keçirməyə cəhd göstərdiyi "xeyriyyə marafonu” da məhz ictimai asayişin pozulmasına yönəlmiş növbəti addım oldu. O, bu addımını guya ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə yardım göstərmək məqsədilə etdiyini açıqladı və təəssüflər olsun ki, bundan da özünün "tanıtım kampaniya”sını təşkil etməyə çalışdı. Lakin hər kəsə bəllidir ki, nə Ə.Kərimli, nə ətrafındakı 5-10 nəfər hansısa xeyriyyə aksiyası üçün heç vaxt toplanmaz və heç bunu onlardan gözləməyə belə dəyməz. Təbii ki, yenə də məqsəd hay-küy salmaqla xarici emissarlarına necə "fəaliyyət” göstərdiklərini nümayiş etdirmək oldu. Onlar bunu bir müddət əvvələ qədər onsuz da sosial şəbəkələrdə edirdilər. Bunu reallaşdırmaq istədikləri "xeyriyyə marafonu”nda isə biabır olmaları ilə yanaşı, həm də avantürist olduqlarını bir daha sübuta yetirmiş oldular.
Qanunun aliliyinə nəinki Ə.Kərimli, bütün ölkə vətəndaşları riayət etməlidirlər. Amma radikal düşərgə bunun tam əksini sübut etməyə çalışır. Təbii ki, öz imkanlarına bələd olan Ə.Kərimli heç vaxt hakimiyyətə gəlmək üçün xalqın dəstəyini ala bilməyəcəyini anladığı üçün növbəti dəfə sosial şəbəkə "izləyiciləri” üçün "marafon şou” düzənlədi. Amma bu da növbəti uğursuz "şou”, Ə.Kərimli isə rebrendinq edə bilməyən "şoumen” kimi yadda qaldı.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, bu siyasi təşkilat guya başqalarına sahib çıxmaq kimi işlər görür: "Amma saxta çağırışlarla gəncləri toqquşmalara dəvət və çağırışlar edirlər. Həm də bunlar xaricdən qrant almaq məsələsində çox peşəkardırlar. Vəsaitləri azaldığı üçün indi də daxili auditoriyaya əl atırlar. Bütövlükdə onların fəaliyyəti ilə qətiyyən maraqlanmıram və hesab etmirəm ki, başqalarının da maraqlanmağına dəyər”.
F.Quliyev əlavə etdi ki, onların hər hansı məsələni qaldırandan sonra onun dərhal həllini tapmasını istəmələri yanlışdır: "Mütəmadi olaraq, dövlət tərəfindən həyata keçirilən bir dirçəliş proqramı var və dörd mərhələdə həyata keçirilir. İndi axırıncı mərhələ ilə bağlı da müəyyən tədbirlər görülür. Eyni zamanda hər gün baş verən hadisələrlə bağlı məsələləri qaldırdıqca reaksiya verilir. Əslində bütün bunlar paket halında islahatlar proqramıdır. Lakin anarxist müxalifət gündəmdə qalmaq üçün bütün vasitələrə əl atır. Bunu başqa cür əsaslandırmaq mümkün deyil. Çünki bunların köklü strategiya düşündüyünü fikirləşmək yanlışdır. Bunların səviyyəsi ortadadır və öz mənfəətlərindən başqa heç nə düşünmürlər. Hesab edirəm ki, son hadisələrin altında da güddükləri hansısa mənfəət var”.


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, Əli Kərimlinin "xeyriyyə aksiyası” növbəti siyasi şoudan başqa bir şey deyil: "Məhz onun tapşırığı ilə etdikləri qanunsuz əməllərə görə müxtəlif vaxtlarda cərimə olunan şəxslərə dəstək məqsədilə guya xeyriyyə aksiyası təşkil edirlər və burada insanları asayişi pozmağa səsləyən çağırışlar edirlər. Maraqlıdır, xeyriyyə aksiyasında asayişi pozmaq çağırışı olurmu? Əlbəttə ki, yox! Məlumdur ki, insanları itaətsizliyə, qanun pozuntusuna yol verməyə çağırmaq bunların əvvəldən fikirləşdikləri plan olub və məqsədli şəkildə çaxnaşma törətmək, polislə insanlar arasında qarşıdurma yaratmaq istəyiblər . "Demokrat” cildindən "xeyriyyəçi” roluna girmiş Əli Kərimli xaricdən aldığı pulların bir qismi ilə onun fitnəsinə getmiş və haqlı olaraq qanunun tələbi ilə cərimə olunmuş tərəfdarlarının cəriməsini asanlıqla ödəyə bilər. Axı, bu cərimə olunmuş insanlar onun riyakarlığının qurbanlarıdır”.
İ.Orucov vurğuladı ki, Ə.Kərimli insanları çaxnaşma yaratmağa sövq edən açıq çağırışını qanunsuz saymır, amma polisin onu saxlamasını və qanunlara riayət etməklə bağlı tələbini qanunsuz hesab edir: "Bütün bunlar onu göstərir ki, "marafon şou” ilə gündəmdə qalmaq vərdişi Kərimli kimi uğursuz siyasətçinin həyat tərzidir. Azərbaycan sivil, hüquqi dövlətdir və qanun hamı üçün eynidir. Heç kim səbəbsiz olaraq cərimə edilə bilməz. Deməli, kimlərsə cərimə olunublarsa, bunun səbəbi qanunları pozmalarıdır. Kim qanunlara əməl etməyəcəksə, elə qanun qarşısında da cavab verməli olacaq. Ona görə də qanunları pozduqlarına görə cərimə olunanlar üçün pul yığmaq adı altında "xeyriyyə aksiyası” da qanun pozuntusundan başqa bir şey deyil və bu kimi tədbirlərin ssenari müəlliflərinin növbəti siyasi riyakarlığıdır”.

AZAD
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed