Şrift:
Ermənilər Bakıya gəlməkdən yenə imtina etdilər - İrəvana gedək-getməyək?
05.07.2019 [10:51] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Sərkisyana onun öz otağında ”Sən işğalçısan" demişəm, mənə bu imkanı məhz İrəvanda beynəlxalq tədbirə qatılmağımız vermişdi"

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.

UNESKO-nun Baş direktoru xanım Odre Azuley sessiyaya şəxsən qatılıb.

Ermənistan istisna olmaqla, UNESKO-nun bütün iştirakçı dövlətləri tədbirdə iştiraklarını təmin ediblər.


Ermənistan isə nümayəndələr göndərməyib. UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının təşkil edilməsi ərəfəsində ev sahibi qismində Azərbaycan və UNESKO arasında saziş imzalanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva bildirib ki, sazişdə hər hansı istisna olmadan tədbirin bütün iştirakçılarının təhlükəsizlik zəmanəti ilə təmin edilməsi də daxil olmaqla, müvafiq təşkilati məsələlər öz əksini tapıb: “Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək niyyətində olan və Azərbaycan tərəfindən müvafiq təhlükəsizlik zəmanətini əldə edən UNESKO-nun bütün iştirakçı dövlətləri tədbirdə iştiraklarını təmin ediblər. Ermənistan tərəfinin öz nümayəndələri üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərinə gəldikdə isə bu, Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilən növbəti beynəlxalq tədbirdə iştirakdan yayınmaq məqsədilə bu ölkənin siyasi qərarından başqa bir şey deyildir. Əgər Ermənistan XİN hələ də Ümumdünya İrs Komitəsinin sessiyasının keçirilməsinin texniki qayda və prosedurları haqda məlumatlı deyilsə, o zaman onların bu kimi tədbirlərin bütün iştirakçılarına ümumi və universal zəmanətlərin verildiyi və ölkələrə ayrılıqda xüsusi qeyd-şərtlərin tətbiq edilmədiyini öyrənmək məqsədilə UNESKO Katibliyinə müraciət etmələri yaxşı olardı”.

Qeyd edək ki, son aylar Ermənistan artıq ikinci dəfədir Bakıda keçirilən beynəlxalq tədbirə nümayəndə heyəti göndərməkdən imtina edir. Ötən ay Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasına da erməni deputatlar qatılmamışdılar. Halbuki Ermənistan nümayəndə heyətinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən 53-cü iclasında iştirak üçün təhlükəsizlik zəmanəti verilmişdi. Ermənistan nümayəndə heyəti həmişə olduğu kimi öncədən dəfələrlə zəmanət, təhlükəsizlik məktubları istəyib. Həmin məktub onlara verilib. Azərbaycan bir daha dünyaya göstərdi ki, ölkəmizdə hər kəs üçün lazımi təhlükəsiz şərait yaradılır. Ermənistan isə əvvəlcə zəmanət məktubu istəyir, düşünürlər ki, biz onlara məktub verməyəcəyik, dünyaya səs salsınlar.

Ermənistanın Bakıda keçirilən beynəlxalq tədbirlərə qatılmaqdan imtina etməsi işğalçı ölkənin yeni taktikası sayılır. Bəzi siyasi və ictimai fəallar Azərbaycanın da cavab olaraq bundan sonra Ermənistanda keçiriləcək beynəlxalq tədbirlərə qatılmaqdan imtina etməsini təklif edirlər.

Milli Məclisin deputatı Fərəc Quliyev isə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Ermənistanda keçiriləcək beynəlxalq tədbirlərdə iştirakdan imtina eləməsinə ehtiyac yoxdur. Çünki həmin tədbirlərdə Azərbaycan nümayəndələri ölkəmizin maraqlarını müdafiə edir: “Şəxsən mən yaşadığım bir təcrübəni yada salmaqla bizim Ermənistanda keçirilən beynəlxalq tədbirlərdə iştirakımızın lazım olduğunu deyə bilərəm. 2012-ci ildə Avronest xətti ilə İrəvanda beynəlxalq tədbirə dəvətli idik. Biz - azərbaycanlı deputatlar oraya gedəndə iclas keçirilən zalın foyesində ermənilər bir sərgi düzəltmişdilər, guya Azərbaycanda sökülmüş kilsələrin şəkillərini qoymuşdular. Biz Avonestin tədbiri keçirilən yerdə o cür sərginin yerləşdirilməsinə kəskin etiraz etdik və sərginin yığışdırılmasına nail olduq. İclas zalında isə ”Dağlıq Qarabağ nümayəndə heyəti" masası ayırıb adamlar oturtmuşdular. Biz buna da etiraz etdik və masanı yığşdırdılar, həmin adamları zalı tərk etdilər. İclas bundan sonra başladı. Bu fakt bir daha sübut edir ki, biz beynəlxalq tədbirləri boykot eləməli deyilik. Beynəlxalq tədbir Ermənistanda keçirilirsə də imtina etməli deyilik, həmin tədbirin tribunasından öz maraqlarımızın müdafiəsi üçün istifadə eləməliyik".
Deputat qeyd etdi ki, Ermənistan tərəfinin son vaxtlar Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə qatılmaması bəhanədir. Biz bunu Ermənistanın beynəlxalq təşkilatların tədbirlərinə biganəliyi, beynəlxalq qanunları çeynəməsi, bu tədbirlərdən yayınması, oradakı müzakirələrdə ifşa olunacağından qorxması kimi təqdim etməliyik: “Bunu beynəlxalq təşkilatlara çatdırmalıyıq. Mənim şəxsi qənaətim budur ki, Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq tədbirlərdə iştirakdan imtina etməməlidir. Beynəlxalq tədbir İrəvanda keçirilirsə, gedib sözümüzü məhz orada deməliyik. Mən Serj Sərkisyana onun öz otağında ”Sən işğalçısan" demişəm. Mənə bu imkanı məhz beynəlxalq tədbirə qatılmağımız vermişdi".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed