Şrift:
Fazil Qəzənfəroğlu: “Elçibəyin mənəvi zəhərlənməsi prosesində ən böyük rolu olanlardan biri məhz Xanım Xəlilovadır”
21.08.2012 [17:08] - Müsahibə
AXCP sədrinin keçmiş müavini, Əbülfəz Elçibəyin Türkiyə təmsilçisi olmuş BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlunun APA-ya müsahibəsi

- Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası əsasında cinayət işi başlanıb. İlk olaraq bu məsələyə münasibətini bilmək istərdik.

- Əvvəla, onu qeyd edim ki, Baş Prokurorluq tərəfindən məsələnin araşdırılması hüququ cəhətdən doğrudur. Hər hansı müraciət olursa və ya iddia irəli sürülürsə, iddianın əsaslı olub-olmamasından asılı olmayaraq, hüquq-mühafizə orqanları bunu mütləq araşdırmalıdır. Ona görə də Baş Prokurorluğun hərəkətini hüquqi baxımdan doğru hesab edirəm. Buna görə prokurorluğun ünvanına ittihamlar yönəldilməsi düzgün deyil. Əbülfəz Elçibəy kimi böyük bir şəxsiyyətin vəfatından sonra onunla bağlı bir sıra məqamların araşdırılması, hətta bizim xoşumuza gələn və ya gəlməyən məsələlər istiqamətində təhqiqatın aparılmasına da təbii yanaşmaq lazımdır. Çünki böyük şəxsiyyətlərin həyatı yalnız onlar üçün deyil, cəmiyyətə də bütün detalları ilə maraqlıdır. Ancaq yaxşı olardı ki, bundan əvvəl Əbülfəz Elçibəyin mənəvi zəhərlənməsi mövzusu müzakirə olunardı. Əvvəlcə onu deyim ki, fiziki zəhərlənmə ilə bağlı isə heç bir ehtimalım və əlimdə hər hansı bir əsas və ya şübhələndirici məqam yoxdur. Ümumiyyətlə, bu məsələdə hamının dürüst davranmasına ehtiyac var. Amma Əbülfəz Elçibəyin mənəvi zəhərlənməsi məlum faktdır və bu prosesdə çoxsaylı insan iştirak edib. Mənəvi zəhərlənmə prosesində ən böyük rolu olan insanlardan biri də şübhəsiz Xanım Xəlilovadır. Özü də o, təkcə Əbülfəz Elçibəyin mənəvi zəhərlənməsində rol almayıb, ümumiyyətlə sonradan öz fəaliyyətini genişləndirərək, bütün türk dünyasının zəhərlənməsində xüsusi rol oynayıb. Həmin şəxs indi də bu məsələdən sui-istifadə edərək, əsası olmayan iddialarla, təkəbbürlə, sanki proseslərin hamısının onun tərəfindən idarə olunduğunu iddia edərək, “Baron Münhauzen”lik etməklə, əslində bir sıra məqamlarda özünü ifşa edib. Onun bu məsələ ilə əlaqədar verdiyi müsahibədə bir maraqlı məqam var. Bu da Azərbaycan cəmiyyəti üçün bir yenilikdir. Çünki cəmiyyətimiz bilir ki, Sovet imperiyasını Qorbaçov çökdürüb. Xanım Xəlilova adlı bir Azərbaycan vətəndaşı isə iddia edir ki, bu belə olmayıb, Nobel mükafatı səhv verilib, SSRİ-ni Xanım Xəlilova dağıdıb. Mənə elə gəlir ki, o bu iddianı davam etdirsə, Qorbaçovdan Nobel mükafatını alıb, ona təqdim etmək lazım olacaq. Açığı, məhz buradan başlamaq lazımdır. Azərbaycan cəmiyyətində yalanın baş alıb getməsinə bəzən abrına qısılaraq, cavab vermirlər, müəyyən etiket qaydalarına riayət edirlər və ya “xatası məndən uzaq olsun” deyirlər. Amma sonradan görürsən ki, bəzi ünsürlər ümummilli bəlaya çevrilirlər. Bu adam Azərbaycan, xalq hərəkatı, ümumiyyətlə türk dünyası və Türkiyə üçün problemə çevrilməyə başlayıb. Təsəvvür edin ki, Azərbaycan xalq hərəkatı kimi mübariz bir proses bu gün Xanım Xəlilovanın timsalında mənfi şəkildə təqdim olunur. Bu yalanları Türkiyədə beş-altı axmağı tapıb, ona demək mümkündür. Amma Azərbaycanda bunu etmək, gecikmiş variantdır. Bir ləçəyini çıxartmaqla bütün rus tankları dayandı və “20 yanvar hadisələrində rusları geri oturduq”, “qadın taboru ilə erməni mühasirəsini yararaq, təcavüzü dəf etdik” kimi yalanlar baş alıb getdi. Azərbaycanda beş minlik qadın taboru var idisə, onda biz müharibədə niyə uduzduq? Bütün bunlar sonrakı mərhələdə ümumi hərəkata qoşulan saf niyyətli insanları həvəsdən saldı. O ki qaldı müsahibədə yer alan ittihamlara, bununla bağlı bir sıra faktı ardıcıllıqla söyləyə bilərəm. İddia olunur ki, 1993-cü ildə Kələkidə Oqtay Qasımov Əbülfəz Elçibəyin yanında qaldı, digərləri qaçdı. Bu tamamilə yanlış məlumatdır. Həqiqətən, Oqtay Qasımov qədər bu prosesdə fədakarlıq edən ikinci şəxs yoxdur. Bunu birmənalı deyirəm ki, o, Əbülfəz bəyin ən ağır situasiyalarda köməkçisi kimi yanında olub, heç bir iddia və təmənna güdmədən, vicdanla öz funksiyasını yerinə yetirib. Mən isə orada Əbülfəz Elçibəyin Administrasiyasının rəhbəri olmuşam. Buna görə mənimlə bağlı iki cinayət işi qaldırılıb və həbsimlə bağlı xüsusi göstəriş verilib. O zaman bizim Kələkidən Türkiyəyə gəlmək fikrimiz yox idi. Məni Əbülfəz Elçibəy xüsusi sərəncamla Türkiyəyə özəl təmsilçisi təyin edib.

- Bu təyinat neçənci ildə həyata keçirilib?

- 1995-ci ilin aprelində təmsilçi oldum. Bunun da əsas səbəbi Türkiyədə Xanım Xəlilovanın Əbülfəz Elçibəyin adına utancverici imic gətirməsi idi. Bu, Türkiyədəki dostlardan, ayrı-ayrı dövlət qurumlarından gələn ismarış idi, Əbülfəz Elçibəy də bunu nəzərə alaraq, məni məcbur etdi ki, Türkiyəyə gedim, orada onun təmsilçisi kimi fəaliyyət göstərim. Həm də Kələkinin maddi və mənəvi tərəfdən dəstəklənməsi, təhlükəsizliyinin təmini istiqamətində fəaliyyət göstərim. Əgər Əbülfəz Elçibəyin Türkiyədə Xanım Xəlilovanın timsalında inandığı adamı var idisə, məni niyə ora göndərirdi? 1995-ci ilə qədər Kələkidə Əbülfəz Elçibəyin yanında olmuşam. Həmin dövrdə isə Kələkiyə - Əbülfəz Elçibəyə edilən hücumlar bitmişdi. Yəni ciddi təhlükə qalmamışdı. Bundan başqa, müsahibədə iddia olunur ki, Əbülfəz Elçibəy xəstələnəndə Türkiyəyə zəng vurur və müalicə olunması üçün ondan kömək istəyir. Sonda isə Süleyman Dəmirəl onun Türkiyəyə getməsinin qarşısını alır. Bu, tamamilə yanlış fikirlərdir.

- Əbülfəz Elçibəyin səhhətində ciddi problemin olması nə zaman bəlli oldu?

- 2000-ci ilin yanvarında Əbülfəz bəyin xəstəliyi ilə bağlı yaxın ətrafında o qədər də təsəvvür yox idi. Düşünürdük ki, “Azadlıq” qəzetinin redaksiyasında şərait yoxdur, bu baxımdan işə gəlməsində narahatlıq yaranır. Həm də evdən də prosesi idarə edirdi, onun tapşırığı ilə bir sıra işləri təşkilatda aparırdıq. 2000-ci ilin fevralında isə Əbülfəz Elçibəy mənə dedi ki, səhhəti çox ağırdır. Heç kimin bilməməsi şərti ilə Türkiyə ilə əlaqə yaradıb, müalicə məsələsini həll etmək lazımdır. O cümlədən xüsusi söhbətimiz də oldu və razılaşdırıldı ki, vəziyyətdən bəzilərinin, o cümlədən də Xanım Xəlilovanın məlumatı olmasın. Əslində, müalicə prosesini şouya çevirmək, onun Amerikada Türk yürüşünə qatılması və başqa tədbirlərin təşkili Əbülfəz bəyin ölümünü tezləşdirdi. O vaxt mən Türkiyədən Səlcuq Alkını Bakıya çağırdım. Telefonla məsələni ona demədim ki, danışığımız dinlənə bilərdi. Səlcuq Alkınla Bakıda danışıldı, ona bildirildi ki, Azərbaycan Kültür Dərnəyinin rəhbərliyi ilə məxfi şəkildə danışsın və onlar dövlət səviyyəsində Əbülfəz bəyin Türkiyəyə aparılmasına nail olsunlar. Bu məsələ artıq müəyyən dərəcədə həllini tapdığı anda, Türkiyədə rəsmi şəxslərdən bir neçəsi ağzından xəbəri qaçırdı. Xanım Xəlilova və bu prosesdə özünü ortaya soxmaq istəyən bir neçə şəxsin də məsələdən xəbəri oldu. Bundan sonra həmin şəxslər prosesi özlərinə xas şəkildə yönəltməyə başladılar. Onda biz qərara aldıq ki, müalicə Avropada aparılsın. Türkiyədə Əbülfəz Elçibəyi tanıyanlar çox idi, bu baxımdan orada rahat müalicə oluna bilməyəcəkdi. Lakin onlar təyyarə ilə Bakıya gəldilər və artıq iş bizim təşəbbüsdən çıxdı. Biz sadəcə çalışdıq ki, Əbülfəz Elçibəy Türkiyəyə gedəndə Oqtay Qasımov onun yanında olsun. Artıq Mirmahmud Mirəlioğlu ilə söhbətimiz olmuşdu. AXCP-də isə vəziyyət gərgin idi, daxili qarşıdurma kifayət qədər ciddi xarakter almışdı. Ona görə də mənim Bakını tərk etməyim düzgün deyildi. Bir məsələni də səmimi deyim ki, həmin vaxt mənim xərçəng xəstəliyi ilə bağlı təsəvvürüm yox idi. Hətta Əbülfəz Elçibəyin ölümcül xəstəliyə düçar olduğunu təsəvvür etmirdim. Müalicə prosesində müxtəlif tədbirlərin keçirilməsi isə səfərin müalicədən çox, siyasi müstəviyə keçməsinə səbəb oldu.

- Əbülfəz Elçibəylə görüşə məhdudiyyət qoyulması nə ilə bağlı idi?

- Belə bir məsələ olmayıb. Əvvəlcə onu qeyd edim ki, diqqət edirsinizsə, Xanım Xəlilova müsahibədə iki-üç yerdə Əbülfəz Elçibəyin Xanım Xəlilovanın onunla getməsini istəmədiyini deyir. Əbülfəz bəyin bir tezisi var idi. O deyirdi ki, pis adamdan xeyir görən, Tanrısından zərər görər. Bu, Əbülfəz bəyin həyat kredosu idi. Ola bilsin ki, bu adamlar “Mən Türkeşin müşaviri, Əbülfəz Elçibəyin danışmanı, bir yaylığımla rus ordusunu dayandıran, türk dünyasının xanım-ablasıyam, filan” ifadələri ilə hay-küy salarlar, amma bütövlükdə bu kimi şəxslər hərəkatın imicini aşağı salan insanlardır. Xanım Xəlilovanın Türkiyədən Əbülfəz bəylə bağlı Heydər Əliyevə zəng etməsi barədə dedikləri isə gülünc məsələdir. Heydər Əliyevin zəhləsi getdiyi beş adam vardısa, onun biri Xanım Xəlilova idi. Belə olan təqdirdə, bu adam Heydər Əliyevə necə zəng edə bilərdi? Bu nə hoqqabazlıqdır? Mehmet Ceylan Bakı Hava Limanında aeroport rəhbərliyinə bildirdi ki, Türkiyə hökumətini təmsil edir. Əgər onlara qarşı bu cür addım atılırsa, bu, Türkiyə hökumətinə qarşı atılan addım olacaq, Əbülfəz Elçibəy təcili Türkiyəyə aparılmalıdır. Bundan sonra Əbülfəz Elçibəyin Türkiyəyə getməsinə qarşı qadağa aradan qalxdı.

- Müsahibədə birbaşa sizin ünvanınıza olan ittihamı necə cavablandıra bilərsiniz?

- Bu yenə də yalançının yaddaşsızlığı ilə bağlı məqamdır. Əvvəla deyim ki, Əbülfəz Elçibəyin bağı olmayıb. Həmin bağ o zaman Dövlət Neft Şirkətində çalışan Rafiq müəllimin idi. Bu adam bağını Əbülfəz Elçibəy xəstələnəndən sonra təmənnasız olaraq ona verdi. Buna görə Rafiq müəllimi işdən də çıxartdılar. Amma o elə bir ləyaqətli addım atdı ki, onun haqqını nə zamansa verməliyik. Əbülfəz bəyin bağda qalmasının səbəbinə gəldikdə, bu onun geniş ictimaiyyətdən uzaqda olmaq istəyi ilə bağlı idi. Digər tərəfdən, orada müzakirə olunan məsələ MSK-na AXCP-dən kimin nümayəndə göndərilməsi ilə bağlı idi. Əli Kərimlinin dəstəsi təkid edirdi ki, AXCP-yə verilən hər iki yerdə onların adamı olsun, Əbülfəz Elçibəyin cinahında duran insanlar isə bizim adamımızın MSK-da təmsil olunmasını istəyirdi. Burada kompromis tapıldı ki, Əli Kərimlinin tərəfdarları Qüdrət Həsənquliyevin namizədliyində dayanırlar, Əbülfəz Elçibəy də Adil Minbaşının namizədliyini irəli sürür. Bu kompromislə AXCP-nin MSK-da iki nəfərlə təmsilçiliyi qərara alındı. Bizim bağda müzakirə olunan məsələ bununla bağlı idi. Digər tərəfdən, Əbülfəz Elçibəyin özünün istəyi ilə bu məsələ mənimlə müzakirə olunurdu. Orada kiminsə gələrək, hay-küy salması kimi hadisə olmayıb. Bilirsiniz, belə canıyananlıq saxta və yersizdir. İnandırıcı da deyil. Bu adamın məqsədi odur ki, bütün məsələləri öz adına çıxsın. Düzdür, Xanım Xəlilova bağa gəlib, ancaq görüşmək üçün... Digər tərəfdən, Əbülfəz bəy kiminlə istəyirdi, onunla da görüşürdü. Söhbət ondan gedir ki, Əbülfəz Elçibəy kimin səmimi, kimin saxtakar olduğunu gözəl bilirdi. Əbülfəz Elçibəyin o tezisini elə belə demədim. Əbülfəz bəy həmin tezisi beş-altı adam haqqında işlətmişdi. Haqq dünyasında olduqlarından şəhadət gətirə bilmirəm. Amma təsəvvürümə görə, Xanım Xəlilova bu siyahının başında gəlir. Ola bilər ki, Xanım Xəlilovanın hərəkata bir-iki xeyri olub. Lakin onun xalq hərəkatına vurduğu ziyanı ikinci bir şəxs vurmayıb. Xanım Xəlilova obrazında simvollaşan hərəkat həmişə məsxərə obyektinə çevrilib. Sonradan bu proses Türkiyədə yaşandı. Türkiyədə eyni kaset telekanalları gəzdi. Bu adamlar Azərbaycan xalq hərəkatına yenə də ziyan vurmaqdadırlar. Xanım Xəlilova deyir ki, Əbülfəz Elçibəyi Kələkidə qoyub qaçdılar. Bəyəm məndən sonra onun oğlu gəlib mənim və ya Oqtay Qasımovun yerinə qaldı? Məgər biz Kələkidən getdikdən sonra fəaliyyətimiz Əbülfəz Elçibəyə qarşımı oldu? Əgər xəyanətkar olsaydıq, Türkiyədən qayıtdıqdan sonra Əbülfəz Elçibəy məni özünə siyasi məsələlər üzrə müavin təyin etməzdi. Demək istəyirəm ki, bu kimi məsələlərdə bir qədər ədalətli olmaq lazımdır. Bu prosesdə müəyyən qədər hamının haqqı var. Amma bu o demək deyil ki, başqalarını ittiham edərək, bütün baş verən müsbət əməlləri öz adına çıxasan.

- Mirmahmud Mirəlioğlu ona qarşı səslənən ittihamlara cavab vermək istəmədi. Bəlkə siz bununla bağlı danışasınız?

- Hər şeyin bir ədalət tərəfi var. Bölgüyə əsasən Mirmahmud bəy Əbülfəz Elçibəyin yanında qalmışdı. Bizim də istəyimiz bu idi ki, Xanım Xəlilova kimi adamlar müalicə prosesinə müdaxilə etməsin. Sizcə, Əbülfəz Elçibəy xəstəxanada son dərəcə ağır vəziyyətdə olduğu günlərdə Mirmahmud Mirəlioğlu cəmiyyətə nə deməliydi? Deməliydi ki, Əbülfəz Elçibəy ölür? Bir sağalmaz xəstə ilə bağlı ümidverici mesajları kimsə verməliydi, ya yox? Ona görə də Mirmahmud Mirəlioğlunun üzərinə getmək yanlışdır. Əbülfəz bəy beş vəsiyyətini də xəstəxanada onlara yazdırıb. Mətnini isə Mirmahmud bəy mənə çatdırdı və dedi ki, Əbülfəz Elçibəy vəsiyyətə mənimlə birgə baxılmasını istəyib. Bu vəsiyyətin məzmununa toxunmadan bəzi texniki düzəlişləri edib, ictimaiyyətə təqdim etdim. Yəni bu Əbülfəz Elçibəyin bizə olan növbəti etimadı idi və bilirdi ki, haramçılıq etmərik. Söhbət ondan gedir ki, Əbülfəz Elçibəyin adının spekulyasiya edilməsinə doğru yanaşmıram. Diqqət edirsinizsə, 10 ildir Əbülfəz Elçibəyin siyasi mirası ilə bağlı hansısa pay götürmək yoluna getmirəm. Onun adından istifadə edərək, qoyduğu postament üzərində nəyinsə davam etməsinə maraq göstərmirəm. Yox ki, onun irsinə münasibətim dəyişib, əsla. Əbülfəz Elçibəydən sonra da bəlli oldu ki, qlobal miqyasda xalqa yaxın lider obrazını ortaya qoymaq xalq hərəkatı sferasından çıxanlara nəsib olmadı. Amma bütövlükdə onunla bağlı məsələləri tarixə həvalə etmək lazım idi. Onun irsini hər kəs araşdırmağa başlasa, xoşagəlməz nəticələrə gətirib çıxaracaq. Necə ki, bu gün belə bir vəziyyət yaranmaqdadır. Biri Əbülfəz bəyi zəhərlədiklərini deyir, digəri qoyub qaçdıqlarını söyləyir, başqa biri ona hamıdan yaxın olduğunu cəmiyyətə sırımağa çalışır. Bu kimi adamların xalq hərəkatına nə qədər ziyanı oldusa, bu gün Əbülfəz Elçibəy mövzusuna təması bu ada ikinci zərbə vurmaqdır.

- Əbülfəz Elçibəydən xəbərsiz AXCP daxilində hansı proseslər gedirdi?

- Əbülfəz Elçibəydən xəbərsiz AXCP-də proseslərin getdiyi haqda deyilənlərin də əsası yoxdur. Partiya faktiki olaraq parçalanmışdı və Əbülfəz Elçibəy öz qüvvələrini bir yerə toplamaqda idi. Bununla, AXCP-nin yenidən inkişafına nail olmaq istəyirdi. Bu fikirlərini də birinci bizə söylədi. Bundan sonra bu işə yaxın olanlar prosesdə iştirak etməyə başladılar. Çünki Əbülfəz Elçibəy Kələkidə olanda Əli Kərimli partiyanın bir hissəsinə nəzarət edirdi. Burada hakimiyyətin də geniş dəstəyi var idi. Mən bu gün də deyirəm ki, Əli Kərimlinin Əbülfəz Elçibəyə münasibəti heç də mənfi olmayıb. Onun da bir çox məsələlərdə Əbülfəz bəylə bağlı fədakar fəaliyyəti olub. Lakin bir dövr gəldi ki, hakimiyyətin müəyyən ssenarisi Əbülfəz Elçibəyin müxalifət lideri kimi yenidən dirçəlməsini nəzərdə tutmurdu. Bunun qarşısını almaq üçün AXCP daxilində xüsusi mandat verilmiş adamlar vasitəsilə Əbülfəz bəyin zəiflədilməsi siyasəti yeridildi. Yəni onlar özləri istəyərək buna getmədilər. Bu baxımdan da hər kəsin qiymətini düzgün vermək lazımdır. Biz də buna müqavimət göstərirdik. Siyasi mübarizəni qəbul etmək mümkün olardı, amma ona qarşı mənəvi zəhərlənmə yolunu seçmək heç bir məntiqə sığmır. Əbülfəz Elçibəyi sağlığında mənəvi zəhərləyənlər – Xanım Xəlilovalar bu gün ölüsünü də zəhərləməyə qalxanda, etiraz etmək lazımdır. Məncə, Əbülfəz Elçibəyə azacıq hörməti olan insanlar həqiqəti deməyə məhkumdurlar. Deməlidirlər ki, bu imiclə, bu adla onu müdafiə etmək Əbülfəz Elçibəyə hörmətsizlik gətirir. Axı hərəkatda kifayət qədər səviyyəli xanımlar olub. Əbülfəz Elçibəyin ailəsi üçün fədakarlıq edən onlarla qadın var - Novella Cəfəroğlu, Mirvari Naibova və digərləri. Bu şəxslər hay-küysüz dəstək veriblər. Amma qışqırıq salanların ziyankarlığını söyləmək lazımdır. Bu baxımdan Xanım Xəlilovanın müsahibəsi çox uğursuzdur, başqa insanlara qarşı ədalətsiz fikirlərin yer aldığı açıqlamadır.
Bu xəbər oxucular tərəfindən 1912 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed