Şrift:
Amerikanın müraciəti ilə Maqatenin İran üzrə fövqəladə iclası keçiriləcək
08.07.2019 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın zənginləşdirilmiş uranın miqdarını nüvə razılaşmasında nəzərdə tutulmuş səviyyədən daha artıq çoxaltmaqla bağlı əməli addımlarından sonra Amerika Birləşmiş Ştatları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Hakimlər Şurasının bu məsələ ilə bağlı fövqəladə iclasının çağırılmasını istəyib.

Eyni zamanda, Maqate ABŞ-ın istəyinə əsasən, bir neçə gün sonra qeyd edilən iclasın keçiriləcəyi ilə bağlı məlumat yayıb. ABŞ-ın qurumdakı nümayəndəliyi də iyulun 5-də bəyanat yayaraq, ölkəsinin İranın son addımları ilə bağlı Hakimlər Şurasında xüsusi toplantının keçirilməsini istədiyini təsdiqləyib. Nümayəndəlik həmçinin əlavə edib ki, dünya ictimaiyyəti İranın təxribatçı addımlarının qarşısını almalıdır.

“Reuters”in məlumatına görə, adının açıqlanmasını istəməyən amerikalı diplomatlardan biri agentliyə sözügedən iclasın iyulun 10-da baş tutacağını deyib.

Xatırladaq ki, iyulun 1-i İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı nüvə razılaşmasında mövcud olan məhdudiyyətləri pozduğunu etiraf edib. Belə ki, razılaşma çərçivəsində İrana yalnız 300 kiloqram səviyyəsində zənginləşdirilmiş uran ehtiyatı saxlamaq icazəsi verilirdisə, artıq rəsmi Tehran bu sahədə heç bir məhdudiyyət qəbul etmədiyini bəyan edir. Zərifin bəyanatının ardınca Maqatenin baş direktoru Yukiya Amano bu məsələni Hakimlər Şurasının diqqətinə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed