Şrift:
Sumqayıt Dram Teatrı yeni mükafat təsis edib
20.07.2019 [09:54] - Xəbərlər, Mədəniyyət
Sumqayıt Dövlət Dram Teatrı premyeralarla, yeniliklərlə, layihələrlə, yubileylərlə zəngin bir mövsümü tamamlamaq üzrədir. Cari mövsümdə 50 illik yubileyini qeyd edən teatrın kollektivi uğurlu layihələrlə tamaşaçılarda teatr sevgisini artırmağa nail olub. Ümumilikdə mövsüm ərzində baş verən canlanmanı, kollektivin böyük şövqlə çalışmasını nəzərə alan teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov yaradıcı heyəti sevindirəcək təklif irəli sürüb. Belə ki, teatr yaradıcı və texniki heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşəyə motivasiyanın artırılması, bədii dəyəri ilə fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, həmçinin mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların və texniki işçilərin mükafatlandırılması məqsədilə “Busmedia” reklam şirkəti ilə birgə “Rampa” Milli Teatr Mükafatı təsis edib.

Mübariz Həmidov AZƏRTAC –ın müxbiri ilə söhbətində müxtəlif nominasiyalar üzrə tərtib olunan “Rampa” Milli Teatr Mükafatının kollektivin yaradıcılıq potensialının artmasına, bütün heyət daxilində sağlam və işgüzar ab-havanın yaranmasına təkan verəcəyini bildirib.

Nominasiyalar üzrə qaliblər münsiflər heyətinin gizli səsverməsi əsasında müəyyən ediləcək. “Ən yaxşı tamaşa”, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “Mövsümün ən məhsuldar aktyoru”, “Mövsümün ən məhsuldar aktrisası”, “Mövsümün ən yaxşı texniki işçisi”, “Mövsümün ən perspektivli aktyoru”, “Teatrın dostu”, “Mövsümün ən işgüzar və intizamlı əməkdaşı” nominasiyaları üzrə mükafatlandırma iyul ayının ortalarında keçiriləcək. Mükafat ötən mövsümdə fərqlənən teatr əməkdaşlarına verilməklə hər mövsümün sonunda təqdim ediləcək.
Bu xəbər oxucular tərəfindən 243 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed