Şrift:
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul elan edilir
23.07.2019 [10:18] - Gündəm, Mədəniyyət
2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul fevralın 24-ü və mayın 26-da keçirilmiş ikimərhələli qəbul imtahanında toplanmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri).

Cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmuş (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün iyulun 23-ü saat 10:00-dan iyulun 30-u saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək bank kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının 6-cı sayının elektron versiyasını (http://eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed