Şrift:
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyatı yekunlaşır
24.07.2019 [10:44] - Gündəm, İslam dini
Bu gün Azərbaycan İlahiyyat İnstitutunun bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyatı başa çatır.

İnstitutdan bildirilib ki, III ixtisas qrupu üzrə imtahan verib İslamşünaslıq ixtisasına uyğun bal toplayan tələbələr qabiliyyət imtahanı üçün iyulun 24-ü saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutuna İslamşünaslıq ixtisası üzrə qəbul olunmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur. Qabiliyyət imtahanına buraxılış balı 150 (yüz əlli) olaraq müəyyənləşdirilib.

Dini-Psixoloji Komissiya DİM tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədilə yaradılıb və tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar və DİM-in əməkdaşları daxil edilib.

Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanları xüsusi psixoloji metodla müsahibə əsasında müəyyənləşdirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul” qiymətləndirilir. Məqbul qiymət alan abituriyentlər DİM-in İslamşünaslıq ixtisası üzrə ixtisas seçimində iştirak edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed