Şrift:
Naxçıvantəpə arxeoloji abidəsinə ekskursiya təşkil olunub
29.07.2019 [11:19] - Xəbərlər, Mədəniyyət
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nazirliyin strukturuna daxil olan mədəni-maarif müəssisələrinin gənc əməkdaşları üçün Naxçıvantəpə arxeoloji abidəsinə ekskursiya təşkil olunub.

Ekskursiya zamanı AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev gənclərə arxeoloji ekspedisiyalarla bağlı məlumat verib. Bildirib ki, son illərdə Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələrini araşdıran arxeoloqlar bu ərazilərdə 300-500 min il bundan əvvəl ən qədim insanların məskən saldıqlarını təsdiq ediblər. Bu yaşayış məskənləri, əsasən, Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, eyni zamanda, yaşı minilliklərlə ölçülən mağaralarda olub. Arxeoloji qazıntılar zamanı qədim yaşayış yerlərindən aşkar olunan əmək alətləri, maddi nümunələr ərazinin nəinki Azərbaycanın, hətta dünyanın ən qədim yaşayış yerlərindən biri olduğunu göstərir. Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşən Naxçıvantəpə arxeoloji abidəsi də Naxçıvanın qədim tarixini özündə əks etdirən yaşayış yerlərindən biridir.

Qeyd edilib ki, bu il iyulun 1-dən qədim yaşayış məskənində arxeoloji qazıntılar aparılmağa başlanılıb. Burada tədqiqatların aparılması Cənubi Qafqaz mədəniyyətləri ilə Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin aşkara çıxarılmasında və Naxçıvan tarixinin öyrənilməsində böyük rol oynayır. Tədqiqatlar zamanı torpaq laylarının altından yaşayış evlərinin qalıqları, obsidian parçaları, ocaq yerləri, boyalı basma naxışlı keramika nümunələri və müxtəlif əmək alətləri aşkar olunub.

Ekskursiya zamanı gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed