Şrift:
Qəbələ XI Beynəlxalq Musiqi Festivalına hazırlaşır
30.07.2019 [11:42] - Gündəm, Mədəniyyət
Qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına yenidən ev sahibliyi edir. Fondun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə iyulun 31-də axşam saatlarında XI Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək. Avqustun 5-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorlar çıxış edəcəklər.

Festivala hazırlıq üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün çox yaxşı vasitədir. Əvvəlki illərdə olduğu kimi, festivala hazırlıq işləri bu il də yüksək səviyyədə təşkil olunub. Tədbirlərin keçiriləcəyi məkanlar, Heydər Əliyev Konqres Mərkəzinin və Qəbələ Rayon Mədəniyyət Mərkəzinin konsert zalları tam hazır vəziyyətə gətirilib. Qəbələli musiqisevərlər festivalın başlanmasını böyük səbirsizliklə gözləyirlər.

Musiqi festivalının proqramına uyğun olaraq, iyulun 31-də axşam Mədəniyyət Mərkəzinin zalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunacaq. Cavad Tağızadənin dirijorluğu ilə gerçəkləşəcək konsertdə solistlər Taleh Yahyayev (bariton), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Rəsul Əliyev (fleyta), Nəzrin Aslanlı (violin), Safura Aslanova (vokal), Məmmədəli Paşazadə (klarnet) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edəcəklər.

Təntənəli açılış mərasimi avqustun 1-də axşam saatlarında Mədəniyyət Mərkəzində reallaşacaq. Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcək. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə keçəcək konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Yeganə Axundova (piano) səhnəyə çıxacaqlar.

Festival günlərində musiqisevərlər, həmçinin “Kiyev virtuozları” simfonik orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, “Naz-nazı” muğam qrupunun, xarici ölkələrdən gələn tanınmış ifaçıların çıxışlarını izləmək imkanı əldə edəcəklər.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed