Şrift:
Prezident İlham Əliyev: Aqrar sahədə aparılan islahatlar artıq real nəticələr verir
01.08.2019 [12:14] - Xəbərlər, İqtisadiyyat
Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən üç faizə yaxındır. Hesab edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın.

Bu sözləri Prezident İlham Əliyev iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib.

Taxıl istehsalının 40 faiz artdığını vurğulayan dövlətimizin başçısı məhsuldarlığın da kifayət qədər yüksək olduğunu bildirib: “Əvvəlki illərlə müqayisədə indi orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Ancaq elə təsərrüfatlar var ki, orada məhsuldarlıq 60 sentnerdir və ondan da çoxdur. Yəni, bu, onu göstərir ki, müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı məhsuldarlığı böyük dərəcədə artırır və artıracaq”.

Digər məhsulların istehsalının da artdığını qeyd edən Prezident İlham Əliyev deyib: “Beləliklə, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25 faiz, tərəvəz 14 faiz. Yəni, ixracımız da artır və əlbəttə ki, növbəti illərdə biz bu istiqamətdə öz siyasətimizi apararaq özümüzü daha da böyük nəticələrə çatdıracağıq”.

Aqrar sahədə işlərin uğurla getdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk. Fermerlərə əlavə güzəştlər edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbəttə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət göstərir. Yəni, xaricdən azot gübrəsinin alınmasına ehtiyac qalmır. Pivot tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni, bu sahədə biz özümüzü təmin etmək üçün, əlbəttə ki, çox ciddi addımlar atırıq. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək”.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed