Şrift:
Neft Fondu yarım ildəki gəlir və xərclərini açıqlayıb
02.08.2019 [10:32] - Gündəm, İqtisadiyyat
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin yanvar-iyun aylarında büdcə gəlirləri 10 milyard 698,3 milyon manat, büdcə xərcləri isə 4 milyard 499,4 milyon manat olub.

Fonddan bildirilib ki, 6 ayda ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 557,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 780,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat təşkil edib.

Hesabat dövründə Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard 141,2 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəlirləri 513,1 milyon manat təşkil edib.

Hesabat dövründə fondun 2019-cu il büdcəsinin icrası çərçivəsində 4 milyard 413 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 74,9 milyon manat vəsait ayrılıb. Yanvar-iyun aylarında ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 11,5 milyon manat olub.

İyunun 30-a Neft Fondunun aktivləri cari ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 10,25 faiz artaraq 42 milyard 463,7 milyon dollar təşkil edib.

Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötənilki mənfi gəlirliliyə baxmayaraq (-6,6 faiz), bu ilin ilk 6 ayı ərzində müvafiq göstərici 13,1 faiz olub.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed