Şrift:
Məlikan prokurorundan Mehdi Kuxiyanın anasına kobud cavab: “Buraxın aclıq aksiyasında ölsün!”
06.08.2019 [09:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Marağa zindanında dodaqlarını tikərək aclıq aksiyasına başlayan güney azərbaycanlı milli-mədəni fəal və “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri Mehdi Kuxiyanın sağlamlıq durumu getdikcə ağırlaşır.

Aclıq aksiyasından bir neçə gün keçən fəalın səhhəti ilə bağlı nigaranlıq artır. Zindandan fəalın ailəsinə zəng edən bir şəxs M.Kuxiyanın təcili olaraq müalicə olunmasına ehtiyac olduğunu vurğulayaraq onun aclıq aksiyasının 5-ci günündə poliklinikaya aparılmasına icazə verilmədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bədənində su çatışmazlığına düçar olan fəal qısa müddətdə bir neçə kilo çəki itirib.

Azərbaycanlı fəalın ailəsi onun vəziyyəti ilə bağlı məlumat almaq üçün şəhər prokurorluğuna müraciət edib, lakin onlar məsulların kobud cavabı ilə üzləşib.
Məlumata görə, Məlikan prokuroru Mehdi Əlimuradi fəalın anasının narahat vəziyyətdə olduğunu gördüyü halda ona “buraxın etiraz aksiyasında ölsün” deyə cavab verib.

M.Kuxiyan xəstəliyi ilə bağlı məzuniyyətə buraxılmaması və xəstəxanada müalicə olunmasına icazə verilmədiyinə etiraz olaraq iyulun 31-də dodaqlarını tikərək aclıq aksiyasına başlayıb, o bundan sonra saxlandığı Marağa zindanının karantin bölümünə intiqal edilib.

Fəal yeni tutulduğunda ağır şəraitdə olan təkadamlıq kameralarda saxlanılıb, bu nəticəsində onun bədəninin bir neçə yerində infeksiya yaranıb. Xəstəliyi getdikcə dərinləşən M.Kuxiyanın xəstəxanada müalicə olunmasına şəhər prokurorunun mane olduğu bildirilir.

Məlikan sakini olan Mehdi Kuxiyan 2017-ci ilin yanvarında (hicri-şəmsi təqvimi ilə 1395-ci ilin dey ayı) yaşadığı şəhərin keçmiş prokuroru Peyman Məhəmmədpur və bələdiyyə başçısı Fəhad Nərimanpurun şikayəti əsasında Marağanın kiber polisi tərəfindən saxlanmışdır. Birinci günlərdə Polis İdarəsinin təcridxanasında saxlanılan fəal sonra Marağa zindanına intiqal edilib. O saxlandığı gündən aclığa başlayıb və aksiyasını 28 gün davam etdirib. Aclıq aksiyasının son günlərində dodaqlarını tikən fəal nəhayət 2017-ci il fevralın 11-də ağır mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

Mehdi Kuxiyan 2018-ci ilin mart ayında Marağa İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilib. Fəal islam cümhuriyyətinin əleyhinə olan kanal, qrup və təşkilatların xeyirinə olaraq sistemə qarşı təbliğat aparma ittihamı ilə azadlıqdan məhrum edilib.

M.Kuxiyan sonuncu dəfə aprelin 8-də Ettelaat əməkdaşları tərəfindən saxlanılıb və aprelin 13-də Ettelaat İdarəsinin təcridxanasından Marağa zindanına intiqal edilib. O hələ də həmin həbsxanada saxlanılır.
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed