Şrift:
Xələc türklərinə mənsub araşdırmaçı alim: Xələc türkcəsi və mədəniyyəti yox olmaq ərəfəsindədir
06.08.2019 [09:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xələc türklərinə mənsub araşdırmaçı alim və şair İran hökumətinin Xələc türkcəsinin qorunub saxlanılmasına laqeyd yanaşdığını tənqid edərək bu dil və mədəniyyətin sürətlə zəiflədiyini və yox olmaq ərəfəsində olduğunu bildirib.

Bu barədə Əliəsğər Cəmrasi Qum Araşdırma Fondunun “Xələc türkcəsi ədəbiyyatı və tarixi” mövzusunda keçirdiyi tədbirdə çıxış edib.

“Hal-hazırda xələclər Qum və Mərkəzi əyalətlərinin 60 kəndində yaşayır. Son illərdə gənc ailələr müxtəlif səbəblərə görə övladlarına Xələc dilini öyrətmir. Bunun nəticəsində 1979-cu ildə Xələc türkcəsində danışan 45 min insanın sayı 2010-cu ildə 19 min nəfərə düşüb. Araşdırmalara görə, hal-hazırda 100 Xələc ailəsindən yalnız 5 ailə övladına qədim Xələc türkcəsini öyrədir.”- deyə o bildirib.

Vaxtı ilə Xələc türklərinin İranın müxtəlif məntəqələrində yaşadığını vurğulayan Əliəsğər Cəmrasi ömrünün 20 ilini bu qədim dilin araşdırmasına həsr etdiyini deyib. O bildirib ki, bu müddətdə yalnız bir dəfə İran Teleradio Şirkəti tərəfindən dəvət olunub və Xələc türkcəsi haqda çıxış edib.
“Təəssüflər olsun ki, ölkədə mənim araşdırmalarıma heç bir əhəmiyyət verilmir. Hətta bununla bağlı müəyyən səlahiyyətli orqanlara müraciət edib Xələc dilinin sıradan çıxması barədə xəbərdarlıq edərək onun qorunub saxlanılmalı olduğununu təkidlə vurğuladım. Lakin heç bir cavab ala bilmədim. Bu o halda baş verir ki, Türkiyədə hər il dilçilik mövzusunda dörd önəmli konfrans keçirilir, hətta Xələc dilini təqdim etmək üçün bəzi konfranslara mən də dəvət olunuram.”- deyə araşdırmaçı alim qeyd edib.

Əliəsğər Cəmrasi sözlərinin sonunda Xələc türkcəsi ilə bağlı qələmə aldığı çox sayda kitabın adını sadalayaraq bu əsərləri qədim dili qoruyub saxlamaq məqsədi ilə öz vəsaiti hesabına nəşr etdirdiyini deyib.

Qeyd edək ki, Xələc türklərinin böyük əksəriyyəti hal-hazırda Qum və Mərkəzi əyalətlərdə yaşayır.
Xələc türkcəsi ilə Azərbaycan türkcəsinin oxşarlığı çoxdur. Bu ləhcədə qədim “Göy türk” türkcəsindən çoxlu sözlər var.
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed