Şrift:
Germinin millət vəkili məktəblərdə “farsca yetərlilik” testinin tətbiq olunmasını inkar edib!
06.08.2019 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran dövlətinin xəbər agentliyi “İrna” Güney Azərbaycan məktəblərində “farsca yetərlilik” testinin tətbiq olunmasını təsdiqlədiyi halda Germi şəhərinin parlamentdəki millət vəkili bu məsələni inkar edib.

Himayət Mirzadə bu barədə “Məclis və Azərbaycan” agentliyinə danışıb: “Bu plan hələlik qanun kimi qəbul olunmadığı üçün onun elan və ya icra olunması mümkün deyil. Bu barədə fakt varsa, bizə məlumat versinlər. Şübhəsiz ki, biz məsələni araşdırıb, təhsil nazirinə ciddi xəbərdarlıq edərik.”

Millət vəkili iddia edib ki, Azərbaycan ictimaiyyəti və millət vəkillərinin vaxtında xəbərdarlıq etməsi işə yarayıb və bu planın gündəmdən çıxarılmasına səbəb olub.

“Mən türkdilli bir millət vəkili və Parlamentin Təhsil Komissiyasının sözçüsü kimi “farsca yetərlilik” testi kimi heç bir imtahanda iştirak etməmişəm. Lakin parlament, ölkənin daxilində, eləcə də xaric ölkələrdə fars dilində rahat danışıram, heç bir problemim də yoxdur.”- deyə o əlavə edib.

H.Mirzadə ölkə Konstitusiyasının ana dili ilə bağlı olan 15-ci maddəsinə də toxunub.
“Ana dilinin tədris olunması hamımızın arzusudur. Lakin bunun reallaşması üçün bütün infrastrukturunun təkmilləşməsi və dərsliklərin hazırlanması lazımdır. Bu barədə Türk Bölgələri Fraksiyasının son iclasında müzakirə aparıldı. Qərara alındı ki, layihənin icrasının birinci mərhələsi üçün Araşdırma və Tədris Qrupu təşkil olunsun.”- deyə millət vəkili vurğulayıb.

Ötən günlərdə Meşginşəhr Təhsil Şöbəsinin rəisi Rza Nurizadə və Qərbi Azərbaycan Təhsil İdarəsinin rəis müavini Sadiq Camei də edilən etirazlara cavab verərək “farsca yetərlilik” testinin tətbiq olunması ilə bağlı yayılan xəbərləri təkzib etmişdir.

Bəzi məsulların inkarçı mövqeyinə baxmayaraq İran dövlətinin xəbər agentliyi “İrna” iyulun 31-də ““farsca yetərlilik” testi qalmaqalı, dövlətin nailiyyətinə qarşı çıxmayın” başlıqlı bir mətn dərc edərək sözügedən testin məktəblərdə tətbiq edilməsini təsdiqləmişdir.
Agentlik bu barədə Qərbi Azərbaycanın Makı və Şot şəhərlərindən olan iki valdeyindən müsahibə almışdır. Valdeyinlər testin uşaqlar, o cümlədən övladlarının üzərində tətbiq olunmasını təsdiq etmişdir.

İrqçilikdən irəli gələn “farsca yetərlilik” testi məktəbə daxil olmaq istəyən uşaqlar üzərində tətbiq olunur. Plana görə, uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmur və məktəb tərəfindən qeydiyyata alınmır.
Bu xəbər oxucular tərəfindən 73 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed