Şrift:
Suriyada “İslam dövləti” sıralarına qoşulan 2 min MDB vətəndaşı saxlanılıb
07.08.2019 [10:58] - Gündəm, Hərb
2019-cu ilin ilk yarısında Suriyanın şimal-şərqində terrorçu “İslam dövləti” sıralarına qoşulmuş MDB ölkələrinin 2 min vətəndaşı saxlanılıb. BMT-nin saytı xəbər verir ki, bu şəxslərdən qadın və uşaqlardan ibarət 524 nəfərlik qrup Qazaxıstana, 156 nəfər Özbəkistana və 84 şəxs Tacikistana repatriasiya olunub. Lakin Mərkəzi Asiya ölkələrindən Suriya və Əfqanıstana insan axını davam edir.

Bu rəqəmlər BMT Baş katibinin terrorçu “İslam dövləti”nin beynəlxalq sülhə və təhlükəsizliyə törətdiyi təhlükə haqqında hesabatında yer alıb. Hesabatda qeyd olunur ki, 2012-ci ildən bəri Tacikistan və Özbəkistandan terrorçu qruplaşmaların sıralarına 3 mindən çox insan qoşulub. Sənəddə bildirilir: “Regiondakı üzv dövlətlər yeni silahlıların və terrorçularının tərəfdarlarının meydana çıxmasından narahatdır. 2019-cu ildə xüsusi xidmət orqanlarının birgə əməliyyatları nəticəsində İŞİD-in 26 üzvü həbs olunub, onlardan bir neçəsi münaqişə zonalarından qayıdanlardır”.

Baş katibin hesabatında qeyd olunur ki, internet saytlarında Mərkəzi Asiya xalqlarının dillərində təbliğat materialları yerləşdirilir ki, bu da terrorçulara bu regionda öz gizli təşkilatlarını yaratmağa və daha çox insan cəlb etməyə imkan yaradır. Antonio Quterreş diqqətə çatdırıb ki, 2019-cu ilin martında Əl-Baquzada “İslam dövləti” silahlılarının darmadağın edilməsi bu təşkilatın Suriyadakı fəaliyyətinə son qoyub. Sözdə “xilafətin” son qalasını müdafiə edən terrorçuların əksəriyyəti öldürülüb. Onların ailələri isə döyüşlərdən əvvəl bu bölgəni tərk edib və Suriyanın şimal-şərqində yerləşən məcburi köçkünlərin və qaçqınların düşərgələrinə gəliblər. Hazırda bu şəxslər mühafizə altında saxlanılır. Lakin sağ qalan terrorçular bölgədə fəaliyyət göstərən digər silahlı qruplaşmalara qoşulublar.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed