Şrift:
“Gənclərin şəhərdən köçməsi nəticəsində Həştrud əhalisi getdikcə qocalır”
08.08.2019 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Əyalətinin Həştrud şəhərində gənclər işsizlikdən dolayı doğma diyarını tərk edir, bunun nəticəsində yaşlı insanların sayı artır və şəhərin cəmiyyəti tədricən qocalır.

Bu barədə Həştrud Şəhər İcra Hakimiyyəti başçısı Əmin Əminiyan avqustun 5-də yaşlı insanların vəziyyəti barədə keçirilən tədbirdə çıxış edib.

“Ümumdünya Səhiyyə Təşkilatının meyarlarına görə, 65 yaşdan yuxarı insanlar yaşlı hesab olunur. Buna əsasən hazırda şəhərin 57 min əhalisinin 11 faizi yaşlı sayılır. Bu rəqəm ölkənin orta hesabından 3 faiz yüksəkdir.”- deyə o bildirib.

Şəhər İcra Hakimiyyəti yaşlı əhalinin göstəricisinin (65 yaşdan yuxarı olan əhalinin 15 yaşdan aşağı olanlara nisbəti) Həştrudda 45 olduğunu bildirərək bu rəqəmin ölkədə 35, dünyada isə 30-dan ibarət olduğunu deyib. Onun sözlərinə görə, bu göstərici Həştrud əhalisinin qocalmasını göstərir.

Əmin Əminiyan təmsil etdiyi şəhərdə yaşlı əhalinin göstəricisinin artmasını gənclərin işsizlikdən dolayı digər məntəqələrə köçməsi ilə əlaqələndirib. O bildirib ki, bölgədə gənclər üçün yeni iş yerləri yaranarsa, sözügedən göstərici də aşağı düşər. Bu məsələ bir başa işsizlik problemi ilə bağlıdır.

Qeyd edək ki, güney azərbaycanlı gənclərin yoxsulluqdan İranın müxtəlif şəhərlərinə köç etməsi problemi yerli məsullar tərəfindən vaxtaşırı dilə gətirilir. Bu məsələ bölgənin demoqrafik tərkibinin dəyişməsinə, bəzi məntəqələrdə, xüsusi ilə də Qərbi Azərbaycan Əyalətində bölgənin kürdləşdirilməsi prosesinə yardımçı olur. İranın iqtisadi ayrı-seçkilik səyasəti nəticəsində Güney Azərbaycanda yaranan köç problemi gün keçdikcə böyüyür.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed