Şrift:
Mehdi Kuxiyan aclıq aksiyasını dayandırıb
08.08.2019 [15:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Marağa zindanında aclıq edən güney azərbaycanlı milli-mədəni fəal, “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri Mehdi Kuxiyan aclıq aksiyasını dayandırıb.

“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, azərbaycanlı fəal avqustun 6-da anası ilə görüşdən sonra aclığa son qoyub. 7 gün sonra aksiyasını dayandıran fəal məhz anasının israrı ilə bu addımı atdığını bildirib.

M.Kuxiyan xəstəliyi ilə bağlı məzuniyyətə buraxılmaması və xəstəxanada müalicə olunmasına icazə verilmədiyinə etiraz olaraq iyulun 31-də dodaqlarını tikərək aclıq aksiyasına başlayıb, o bundan sonra saxlandığı Marağa zindanının karantin bölümünə intiqal edilmişdir.

Azərbaycanlı fəal aclıq etdiyi zaman ailəsi onun vəziyyəti ilə bağlı məlumat almaq üçün şəhər prokurorluğuna müraciət etmişdir. Məlikan prokuroru Mehdi Əlimuradi fəalın anasının narahat vəziyyətdə olduğunu gördüyü halda ona “buraxın etiraz aksiyasında ölsün” deyə cavab vermişdir.

Fəal yeni tutulduğunda ağır şəraitdə olan təkadamlıq kameralarda saxlanılıb, bunun nəticəsində onun bədəninin bir neçə yerində infeksiya yaranıb. Xəstəliyi getdikcə dərinləşən M.Kuxiyanın xəstəxanada müalicə olunmasına şəhər prokurorunun mane olduğu bildirilir.
Prorkuror bundan əvvəl fəalın vəziyyəti ilə əlaqədar ona müraciət edənlərdən birinə bildirib ki, “Mehdi seçkilərə qədər zindanda qalmalıdır. Bizim namizədimiz seçildikdən sonra onunla artıq işimiz qurtaracaq!”

Məlikan prokuroru Mehdi Əlimuradi azərbaycanlı fəalla həbsxanada mübahisə edib, onu təhdid etmişdir. Bundan sonra fəal məhbuslardan biri tərəfindən də döyülmüşdür.
Prokuror bildirmişdir ki, o Məlikanın millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpur məsələsi ilə bağlı ifşaedici fəaliyyətinə görə yeni dosye ilə üzləşəcək və Ettelaat İdarəsində dindiriləcək.
M.Kuxiyanın prokurorla mübahisə etməsi də məhz bu təhdidlə bağlı olub.

Məlikan sakini olan M.Kuxiyan 2017-ci ilin yanvarında (hicri-şəmsi təqvimi ilə 1395-ci ilin dey ayı) yaşadığı şəhərin keçmiş prokuroru Peyman Məhəmmədpur və bələdiyyə başçısı Fəhad Nərimanpurun şikayəti əsasında Marağanın kiber polisi tərəfindən saxlanmışdır. Birinci günlərdə Polis İdarəsinin təcridxanasında saxlanılan fəal sonra Marağa zindanına intiqal edilib. O saxlandığı gündən aclığa başlayıb və aksiyasını 28 gün davam etdirib. Aclıq aksiyasının son günlərində dodaqlarını tikən fəal nəhayət 2017-ci il fevralın 11-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

M.Kuxiyan 2018-ci ilin mart ayında Marağa İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilib. Fəal islam cümhuriyyətinin əleyhinə olan kanal, qrup və təşkilatların xeyirinə olaraq sistemə qarşı təbliğat aparma ittihamı ilə azadlıqdan məhrum edilib.

M.Kuxiyan sonuncu dəfə aprelin 8-də Ettelaat əməkdaşları tərəfindən saxlanılıb və aprelin 13-də Ettelaat İdarəsinin təcridxanasından Marağa zindanına intiqal edilib. O hələ də həmin həbsxanada saxlanılır.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed