Şrift:
Fərəc Quliyev: “Kəşmiri Dağlıq Qarabağla müqayisə etmək olmaz”
08.08.2019 [15:56] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Hindistan prezidenti Ram Nat Kovind Cəmmu Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, parlamentin 366 deputatı təşəbbüsün lehinə, 66-sı isə əleyhinə səs verib. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kəşmirlə bağlı fövqəladə iclas çağırıb.

1news.az xarici mətbuata istinadla xəbər verir ki, iclası bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

İclasda Pakistan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkiyə və digər üzv dövlətlərin nümayəndələri iştirak edəcək.

Azərbaycanın bu məsələdə nə cür mövqe sərgiləməsi ciddi müzakirə olunur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Yeni Müsavat”a bunları deyib: “Sizin gündəmə gətirdiyiniz və qoyduğunuz sual çox maraqlıdır. Bu Azərbaycanın maraqları baxımından xeyli dərəcədə mürəkkəb və məsuliyyətli bir məsələdir. Ölkəmizdə baş verən proseslər, dünyanın buna baxışı bizim üçün çox önəmlidir. Bizim bölgə həddindən artıq mürəkkəb bölgədir. Kəşmir də çox mürəkkəb bölgədə yerləşir. Əvvəllər Monqol imperiyasının tərkibində olub. Hindistan və Pakistan yaranandan sonra bura mübahisəli ərazi kimi götürülüb. Ötən əsrin 50-ci illərində qərar veriblər ki, ştat şəklində Hindistana daxil olsunlar. İndi bunun ştat şəklində ləğv edilməsi həmin qərarın qüvvədən düşməsi anlamına gəlir. Belə olan halda Hindistan və Pakistan arasında münaqişə yenidən alovlana bilər. Kəşmiri Dağlıq Qarabağla müqayisə etmək olmaz. Çünki Azərbaycan unitar dövlətdir. Adını münaqişə qoysalar da, bizdəki əslində müharibədir. Azərbaycana hücum olunub, ərazilərimiz işğal edilib. Lakin ona istinad edə bilərik ki, 1972-ci ildə BMT-nin iştirakı ilə bu ərazinin bölünməsi üçün Hindistan-Pakistan danışıqlarındakı ərazi bütövlüyünü, beynəlxalq konvensiyaları tanıyırıq. Amma başqa cür mövqe nümayiş etdirsək, Kəşmirin hara aid olduğunu qeyd etsək, bu bizim tərəfdən qanamayan yerdən qan çıxarmaq kimi bir şeydir. Amma bütün hallarda Azərbaycanın unitar dövlət olması nəzərə alınmalıdır”.
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed