Şrift:
İranın baş prokuroru qadınların futbol stadionlarına getməsinə qarşı olduğunu deyib
09.08.2019 [09:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın baş prokuroru Məhəmmədcəfər Müntəziri qadınların futbol stadionlarına getməsinə qarşı çıxıb.

O, Xarəzmi Universitetində çıxışı zamanı FİFA-nın İrandan qadınların stadionlara buraxılmasını istəməsini “düşmənin nüfuzu” kimi dəyərləndirib və bununla da “düşmənin müqaviməti qırmağa çalışdığını” deyib.

Müntəziri iddia edib ki, FİFA bu tələbi “qadınlara ürəyi yandığı üçün irəli sürməyib”.

“FİFA-nın nəyinə lazımdır ki, ölkədə stadiona gedən 500, 1000 və ya daha çox tamaşaçıdan neçəsi qadındır? Bu tələbi adi hal kimi qəbul etmək olmaz”- deyə baş prokuror əlavə edib.

Xatırladaq ki, son günlər ərzində Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası- FİFA-nın İrana qadınların futbol stadionlarına girmək məsələsini həll etməsi üçün 31 avqusta qədər vaxt verdiyi barədə məlumatlar yayılıb.

Qurumun açıqlamasında vurğulanır ki, İran bu tələbi yerinə yetirməsə, mərhələli şəkildə cəza tədbirlərinə məruz qalacaq və yenə də nəticə əldə edilmədiyi təqdirdə, sonda FİFA-dan müvəqqəti uzaqlaşdırılması məsələsi gündəmə gələcək.

FİFA həmçinin futbol federasiyalarına xəbərdarlıq edərək, bildirib ki, hər hansı bir ölkə siyasi məsələləri futbola qarışdırarsa, o zaman həmin ölkənin futbol komandalarının beynəlxalq turnirlərdə çıxışları müvəqqəti olaraq dayandırılacaq.

İran pezidentinin hüquqi məsələlər üzrə müavini Laya Cuneydi FİFA tərəfinin tələbinə münasibətində bildirib ki, “dövlət qadınların stadionlara getməsinə qarşı deyil və bu məsələ qanunla qadağan edilməyib”.

İdman nazirinin müavini Məhəmmədrza Davərzani isə bildirib ki, “şərait münasib olmadığından, qadınların ölkə çempionatının oyunlarına baxmaq üçün stadionlara getməsinə razı deyilik”.

İranlı axundlar, xüsusilə də Məkarim Şirazi qadınların stadionlara getməsinə qəti qarşı olduqlarını bəyan ediblər.

Qeyd etmək lazımdır ki, İranda qadınlar bir çox təməl hüquqlardan məhkumdurlar. Son günlər ərzində qadınların motosiklet sürməsi məsələsi də ölkə gündəmini zəbt edən məsələlərdəndir. Bu hal qanunla qadağan olmasa da, rəsmilər və axundlar qəti şəkildə buna qarşı çıxırlar.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed