Şrift:
Bakıda “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda bayram tədbiri keçiriləcək
09.08.2019 [14:19] - Xəbərlər, Özəl xəbər
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş silsiləvi bayram tədbirləri davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, avqustun 14-də Dənizkənarı Milli Parkda Dövlət Bayraq Meydanının yaxınlığında “Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda bayram tədbiri keçiriləcək.

Bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Sərhəd Mühafizəsinin son illərdə inkişafı və əldə etdiyi xidməti nailiyyətlər haqqında ictimaiyyət geniş məlumatlandırılacaq, şəhər sakinlərinə, xüsusən də gənclərə və yeniyetmələrə Azərbaycan Respublikasının dövlət sərhədləri, sərhəd mühafizə tarixi, dövlət sərhədinin mühafizəsində tətbiq olunan hərbi və döyüş texnikası, silahlar və xüsusi sərhəd mühafizə avadanlığı haqqında ətraflı məlumat veriləcək.

Tədbirdə DSX-nin döyüş və zirehli texnikası, uçuş vasitələri, pilotsuz uçan aparatları, sərhəd gözətçi gəmiləri, ən müasir silah və sursatları, sərhəd mühafizə və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular, sərhəd nəzarəti texnikası nümayiş olunacaq. Tədbir iştirakçılarına hərbi və döyüş texnikası ilə bilavasitə tanış olmaq, onların üzərində şəkil çəkdirmək, səhra mətbəxində əsgər yeməyindən dadmaq, interaktiv tirdə atəş açmaq, qısa müddət ərzində özlərini sərhədçi kimi hiss etmələri üçün şərait yaradılacaq.

Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestri, rəqs ansamblı və “NUR” vokal-instrumental qrupu geniş konsert proqramı ilə çıxış edəcək.

Saat 09:00-dan 14:00-dək keçiriləcək tədbirə giriş sərbəstdir.

Dövlət Sərhəd Xidməti şəhər sakinlərini və paytaxtımızın qonaqlarını bu tədbirdə iştiraka dəvət edir.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed