Şrift:
Azərbaycanlı alim Prof. Əhmədrza Calali Evin zindanına qaytarılıb
10.08.2019 [10:54] - Güney Azərbaycan xəbərləri
Edama məhkum olunmuş güney azərbaycanlı alim, mütəxəssis həkim Əhmədrza Calali çərşənbə günü axşam saatlarında Tehranın Evin Zindanına qaytarılıb.

“Herana” agentliyinin yaydığı məlumata görə, azərbaycanlı alim avqustun 7-də Evin zindanına qaytarılıb, o həyat yoldaşı ilə qısa telefon əlaqəsi də saxlayıb.

Dr. Ə.Calali iyulun 29-da adı məlum olmayan bir orqan tərəfindən naməlum bir məkana aparılmışdır. O 9 gün ərzində məcburi etiraf etmək üçün təzyiq altında saxlanılıb. Azərbaycanlı alim təhdid edilib ki, yeni dosyenin quraşdırılması ilə bağlı etiraf etməyəcəyi təqdirdə edam hökmü yaxın zamanda icra olunacaq.

Dr. Ə.Calalinin həyat yoldaşı Vida Mehranniya bu barədə bildirib ki, Əhmədrza 9 gündən sonra yenidən Evin zindanına qaytarılıb. Lakin o telefon danışığında hələ də haraya aparıldığını və hansı orqan tərəfindən dindirildiyi barədə heç bir məlumata malik olmadığını deyib.

Ə.Calali bundan əvvəl ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq təkadamlıq kameraya köçürüldüyü və məcburi etiraf etmək üçün təzyiqlər altında saxlandığını bildirmişdir.

Prof. Ə.Calali İsveç vətəndaşıdır, o İranda “Mossad”a casusluq ittihamı ilə edama məhkum olunub və hazırda Tehranın Evin zindanında həbsdədir. Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib. Deyilənlərə görə, o Avropa ölkələrinə qarşı “Sepah”ın casusluq projelərinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.

Bundan əvvəl BMT azərbaycanlı aliminin səhhəti ilə bağlı İran hökumətinə xəbərdarlıq edib, həmçinin müxtəlif ixtisaslar üzrə 121 nobel mükafatı laureatı onun azadlığa buraxılmasını tələb edib.

Təbriz şəhərində dünyaya göz açan Ə.Calali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb. O 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə çoxlu məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.
Azərbaycanlı alimın dosyesi İranda müəyyən məhbuslara qarşı saxta ittihamla quraşdırılan dəhşətli dosyelərdən biridir. Dosyedə ziddiyyətlərin olduğu ilə bağlı çoxlu faktların üzə çıxdığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed