Şrift:
“Sepah” rəsmisi: “Hörmüz boğazının təhlükəsizliyinin qorunması İran neftinin ixrac olunmasından asılıdır”
13.08.2019 [09:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri avqustun 11-də “Əl-Məyadin” telekanalına açıqlamasında Hörmüz boğazının təhlükəsizliyindən və, Amerika, Böyük Britaniya və İsrailin körfəzdə hərbi varlığından danışıb.

İsrailin körfəzdə mümkün hərbi varlığı barədə xəbərdarlıq edən Əlirza Təngsiri deyib ki, nə qədər ki, İran öz neftini ixrac edə bilir, Hörmüz boğazının təhlükəsizliyini təmin edəcək: “Hörmüz boğazının təhlükəsizliyinin qorunması İran neftinin ixrac olunmasından asılıdır. Amerika və Böyük Britaniya Fars körfəzində öz hərbi varlıqlarını qanuni göstərmək üçün müxtəlif ssenarilər hazırlayıblar. Onlar hətta öz ssenarilərini təkmilləşdirmək üçün regionda qanunsuz bir koalisiyanın yaradılması istiqamətində də çalışırlar.

Amerika və Böyük Britaniya həmçinin sionist rejimin Fars körfəzi sularında varlığını təmin etməyə çalışır, bunun üçün planlar qururlar. Biz isə İsrailin Fars körfəzi sularında mümkün varlığı barədə Amerika və Böyük Britaniyaya xəbərdarlıq edir, bildiririk ki, İsrailin qanunsuz olaraq bu bölgəyə gəlişi hərbi qarşıdurma və savaşla nəticələnə bilər. Belə olan halda isə bunun məsuliyyəti həmin iki ölkənin (Amerika və Britaniya) üzərinə düşəcək.

Hazırda Hörmüz boğazı açıqdır və hər bir ölkə öz neftini ixrac etmək üçün ondan istifadə edə bilər. “Sepah” qüvvələri Hörmüz boğazının təhlükəsizliyini qorumaq üçün üzərinə məsuliyyət götürüb. Elə buna görə də hesab edirik ki, əcnəbilərin bölgəyə gəlişinə ehtiyac yoxdur. Bizim isə region ölkələrinə mesajımız aydındır. O da budur ki, nə vaxta qədər ki, biz neftimizi ixrac edə bilirik, Hörmüz boğazının təhlükəsizliyini təmin edəcəyik" -deyə “Sepah”ın dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri əlavə edib.

Xatırladaq ki, iyulun 19-da “Sepah”ın körfəzdəki sürət qayıqları Hörmüz Boğazında üzən Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.
Bu xəbər oxucular tərəfindən 18 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed