Şrift:
Bir qrup mədəni fəal Şərqi Azərbaycan valisinə etiraz məktubu göndərib: “Farsca yetərlilik” testi...
15.08.2019 [09:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir qrup güney azərbaycanlı ziyalı və mədəni fəal Şərqi Azərbaycan valisi Dr. Purməhəmmədiyə məktubla müraciət edərək məktəblərdə “farsca yetərlilik” testininin tətbiq edilməsinə etiraz bildiriblər.

Çox sayda soydaşımız tərəfindən imzalanan məktubda Təhsil Nazirliyinin gündəmə gətirdiyi və bir sıra məktublərdə tətbiq olunduğu “farsca yetərlilik” testinə etiraz edilib, ana dilinin qorunub saxlanılması və məktəblərdə tədris olunaraq genişləndirilməsinə təkid olunub.

Azərbaycanlı ziyalılar vurğulayıb ki, sözügedən təstin məktəbə daxil olmaq istəyən uşaqlar üzərində tətbiq olunması insan hüquqlarına zidd olmaqla yanaşı islam dininin prinsiplərinə də uyğun gəlmir. Məktubda ölkədə yaşayan millətlərin milli və mədəni hüquqlarının təmin olunmasının vacib olduğu dəfələrlə vurğulanıb.

İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə ediləcəyini açıqlamışdır. O bu qərarı İranın dini lideri Əli Xamneyinin fars dilini öyrənməklə bağlı tövsiyyəsinə diqqət yetirmək, təhsildə ədaləti təmin etmək və ikidilli bölgələrdə şagirdlərə “gec öyrənən” etiketinin vurulmasının qarşısını almaqla əlaqələndirmişdir.

Plana görə, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmayacaq və məktəb tərəfindən qeydiyyata alınmayacaq.

İrqçi layihə ilk dəfə gündəmə gətirilən zaman ona qarşı çoxlu etirazlar oldu, lakin İran rejimi əhalinin etirazına məhəl qoymadan planı bəzi məntəqələr, o cümlədən bir neçə Azərbaycan şəhərində həyata keçirməyə başladı. Məqsəd məktəbə gedənə qədər ana dilini öyrənmək imkanını uşaqlardan almaq və ailələri evdə fars dilində danışmağa vadar etməkdir. Soydaşlarımız İran rejiminin asilmilasyon siyasətinin tərkib hissəsi olan planın irqçilik zəminində həyata keçirildiyinə inanır.
Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed