Şrift:
“Traxtur” klubunun mərasimində milli şüarlar səsləndirilib- Video / Paniranist İsfəndiyar Qarabağı boş oturacaqlara oxuyub
15.08.2019 [09:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın “Traxtur” futbol klubu avqustun 13-də Təbrizin Purşərifi salonunda komandanın yeni köynəyi və loqosunun təqdimat mərasimini keçirib.

Təxminən 10 min nəfər qadın və kişi komanda tərəfdarının qatıldığı mərasimdə çoxlu milli şüarlar səsləndirilib.

İranda milyonlarla türkün uzun illərdir ayrı-seçkiliyə məruz qalmasına etiraz olaraq “Nə mutlu türküm deyənə şüarı” dilə gətirilib.

Soydaşlarımız bütün fürsətlərdə səsləndirdikləri “Türk dilində mədrəsə - olmalıdır hər kəsə” şüarını yenə də təkrar edib.

“Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Yaşasın Traxtur”, “Urmu, Zəncan, Ərdəbil – Bu səs Təbrizdən gəlir” və “Yel yatar, tufan yatar – Yatmaz Traxtur bayrağı” da səsləndirilən şüarlar arasında olub.

“Traxtur” klubunun keçirdiyi mərasimdə böyük izdiham yaşanıb. İran mətbuatı salonda yer olmadığından bir çox komanda tərəfdarının qapı arxasında qaldığını yazıb.

Mərasim iştirakçılarının arasında çox sayda qadın soydaşımız da olub. Azərbaycan komandasını cani-dildən təşviq edən qadınlar kişilərin hər zaman səsləndirdiyi “Azərbaycan qızları – Göylərin ulduzları” şüarı ilə qarşılaşıblar.

Bu arada antitürk mövqeyi ilə seçilən tanınmış paniranist İsfəndiyar Qarabaği İran rejiminin təhlükəsizlik orqanlarının planına uyğun olaraq mərasimə qatılıb.
İ.Qarabağı fürsətdən istifadə edərək mahnı oxumağa başlayıb, lakin o “Traxtur” tərəfdarlarına deyil, boş oturacaqlara ifa etməli olub. Ona görə ki, məşhur paniranist oxumağa başlayınca soydaşlarımız ona etiraz olaraq dərhal salonu tərk edib.

İ.Qarabağinin uzun illər Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe kimsədə şübhə doğurmur.
2014-cu ildə Salmas şəhərinin bələdiyyə başqanı türk kimliyini müdafiə etmək məqsədi ilə bu şəhərin meydanlarından birində ucaldılan Firdovsinin (anti-türk fars şairi) heykəlini meydandan götürmüşdür. Həmin hadisəyə görə, paniranist qüvvələr İran prezidentinə xitabən bəyanat yaydılar, İ.Qarabaği sözügedən bəyanatı imzalayan şəxslərdən biri olub. Bəyanatı imzalayanlar ölkənin mədəni birliyinin təhlükəyə düşdüyündən nigaran olduqlarını diqqətə çatdıraraq Qərbi Azərbaycan və Salmasın kimliyinin türklərin xeyirinə olaraq dəyişdirildiyini iddia edib, bu hərəkəri sərt şəkildə qınamışdılar.

İ.Qarabaği təbrizlidir, o uzun illər müğənni və musiqiçi kimi fəaliyyət göstərib. Onun İran İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən verilmiş klassik avaz üzrə doktorluq dərəcəsinə bərabər diplomu var. İncəsənət xadimi bir çox rəsmi orqanda mədəniyyət sahəsində fəaliyyət göstərib, o hər zaman İslam Cümhuriyyətinin ideologiyasını dəstəkləyib. Bəstəkarlıq sahəsində də fəaliyyət göstərən İ.Qarabaği son illərdə fars şovinizminin mənafeyi uğrunda çoxlu işlər görüb, bu istiqamətdə bir çox mahnı bəstələyib.
Bu xəbər oxucular tərəfindən 15 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed