Şrift:
Səbuhi Həsənov: İxtisaslaşmış turizm sənayesi Naxçıvanın tanıdılmasında mühüm rol oynaya bilər
15.08.2019 [10:47] - Xəbərlər, Sosial
Zəngin tarix və mədəni irs, nadir təbiət və memarlıq abidələri, müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvan Muxtar Respublikasında turizmin inkişafını şərtləndirən əsas amillərdir. Ötən dövrdə müxtəlif dövlət proqramlarının uğurlu icrası, o cümlədən həyata keçirilən mühüm infrastruktur tədbirləri muxtar respublikada bu sahənin inkişafına əlverişli şərait yaradıb.

Bu barədə danışan tədqiqatçı-jurnalist Səbuhi Həsənov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası muxtar respublikada turizm fəaliyyətinin güclənməsinə geniş imkanlar açıb.

Naxçıvana gələn turistlərin sayı son illərdə artaraq muxtar respublika əhalisinin sayına yaxınlaşıb

“Görülən işlərin nəticəsidir ki, rəsmi statistikaya görə, ötən il muxtar respublikaya ölkəmizin digər bölgələrindən, həmçinin xarici ölkələrdən, ümumilikdə, 414 min 688 turist gəlib. Bu, müxtəlif turizm növlərinin inkişaf etdirildiyi muxtar respublika üçün ciddi rəqəmdir. Nəzərə alaq ki, 1 aprel 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı 456 min 700 nəfər təşkil edib. Yəni qədim diyarımıza səfər edən turistlərin sayı son illərdə artaraq muxtar respublika əhalisinin sayına yaxınlaşıb”, - deyən Səbuhi Həsənov bildirib ki, turizm səfərlərində artımın əhali artımına nisbətdə sürətli olduğunu nəzərə alsaq, yaxın zamanda bura gələn turistlərin sayının əhali sayını ötüb keçdiyinin şahidi olacağıq. Nəzərə alaq ki, inkişaf etmiş turizm ölkələrində bu say ayrılıqda həm ölkə, həm də regionlar (şəhər, rayon və sair) üzrə ölçülür. Buna görə də əhali sayından 4-5 dəfə, hətta daha çox turist qəbul edən şəhərlər bu gün dünyada turizm mərkəzləri kimi tanınır. Naxçıvanın isə bu sahədə perspektivləri daha çoxdur. Çünki Naxçıvan təkcə şəhər deyil, həm də muxtar respublikadır. Yəni turistlərin təkcə Naxçıvan şəhərini gəlib görməsi və geri qayıtması məntiqsizdir. Təbii olaraq bu qədim diyara yolu düşənlər muxtar respublikanın bölgələrinə də baş çəkəcəklər. Çünki bölgələrdə də insanların marağını təmin edəcək obyektlər mövcuddur.

Tədqiqatçı-jurnalistin sözlərinə görə, yaxın gələcəkdə Naxçıvana turist axınının artmasına imkan verən bir çox səbəblər vardır. Ancaq bütün bunlarla yanaşı, dünya turizmində baş verən dəyişikliklər də unudulmamalıdır. Bu dəyişikliklər içərisində ən çox diqqəti cəlb edən isə turizmdə ixtisaslaşmadır. Müasir dövrdə ixtisaslaşma istənilən sahənin marketinqində ön sırada dayanır. İxtisaslaşma istehlakçılar üçün daha geniş seçim imkanları yaradır. Turizmdə də belədir. Bu mənada əminliklə demək olar ki, Naxçıvan qədim tarixə, zəngin mədəni dəyərlərə malik bir diyar kimi diqqəti daha çox cəlb edir. Lakin tarixi məkanlar turizmdə yalnız müəyyən bir kütlənin maraqlarına cavab verir. Deməli, turizm marketinqinə görə burada fərqli obyektlərin və ya turizm növünün təbliğinə ehtiyac yaranır. Naxçıvanda belə imkanlar da mövcuddur.

Əshabi-Kəhf ziyarətgahı və Duzdağ Fizioterapiya Mərkəzi ön plandadır

Səbuhi Həsənov bildirib ki, muxtar respublikaya səfər edən ölkə vətəndaşları və yaxud əcnəbilərin ən çox Əshabi-Kəhf mağarasını və Duzdağ Fizioterapiya Mərkəzini ziyarət etdiyi məlumdur. Deməli, Əshabi-Kəhf ziyarətgahı dini turizmin təbliği üçün ideal məkandır. Adı “Qurani-Kərim”də çəkilən bu mağara təkcə müsəlman aləminin deyil, ümumilikdə, dünyada təkallahlığın rəmzi, atributu kimi diqqətçəkicidir. Buna görədir ki, adıçəkilən obyekti qeyri-müsəlmanlar da maraqla ziyarət edirlər.

Duzdağ Fizioterapiya Mərkəzinin mövcud imkanlarını yüksək qiymətləndirən tədqiqatçı-jurnalist deyib ki, son illərdə dünya turizmində ən çox diqqətçəkən və daha çox insanı özünə cəlb edən turizm sahələrindən biri sağlamlıq turizmidir. Sağlamlıq turizminin səviyyəsi ona görə ildən-ilə yüksəlir ki, müasir dünya inkişaf etdikcə bu və ya digər səbəblərdən insan sağlamlığı daha çox təsirə məruz qalır və insanlar öz sağlamlıqlarını bərpa etmək üçün hər il xeyli vəsait xərcləyirlər. Duzdağ isə Ulu Yaradanın lütfüdür ki, bu qeyri-adi və dünyada analoqu olmayan məkan Naxçıvanın payına düşüb. Buna görə də hər il bura dünyanın müxtəlif ölkələrindən pasiyentlər müraciət edirlər. Ancaq fikir versək, görərik ki, bura gələn turistlərin böyük əksəriyyəti Rusiya Federasiyası və MDB məkanından olanlardır. Bunun da səbəbi odur ki, 40 il bundan əvvəl yaradılmış Duzdağ Fizioterapiya Xəstəxanası sovetlər dövründən SSRİ məkanında tanınıb. Necə deyərlər, bu məkanın insanları Duzdağın müalicəvi əhəmiyyətini digər ölkələrdən daha çox bilirlər. Digər tərəfdən MDB məkanı bizim üçün böyük və potensial bir bazardır. Bu baxımdan düşünürük ki, müalicə mərkəzinin imkanları haqqında bu məkanda, eləcə də digər yaxın ölkələrdə təbliği üçün sistemli marketinq layihələri ardıcıl şəkildə aparıla bilər. Duzdağ, artıq bizim yerli sağlamlıq turizmində bir ixtisaslaşmadır. Bir məqamı da vurğulamaq lazımdır ki, sağlamlıq turizmi üçün ölkəyə üz tutan turistlər digər turistlərdən daha çox pul xərcləyirlər. Çünki burada sağlamlığın təmin olunması əsas rol oynadığından məcburi xərcləmələr qaçılmazdır.

Duzdağın dünya sağlamlıq turizmindəki rolu onun brendləşməsini labüd edir

“Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Yol Xəritəsində ölkəmizdə sağlamlıq turizmi üçün dünyada analoqu olmayan iki mühüm obyekt – Naftalan nefti və Duzdağın təbii ehtiyatlarından istifadə mühüm prioritet kimi qarşıya qoyulub. Eyni zamanda, bu iki potensial baza, həm də ölkəmizə uzaq məsafələrdən turist cəlb etmək üçün düşünülüb”, - deyən Səbuhi Həsənov qeyd edib ki, bu baxımdan Duzdağ Fizioterapiya Mərkəzinin Naxçıvan, ümumilikdə isə ölkəmiz üçün böyük əhəmiyyəti var. Duzdağın təbliği muxtar respublika ərazisində mövcud olan müxtəliftərkibli və çoxsaylı mineral suların, şəfalı bitkilərin, müalicəvi tərkibli ekstarktların tanıdılması, satışı, hədiyyə olunması, ümumilikdə isə ixracı imkanlarını artırır.

Səbuhi Həsənov deyib: “Bütün bunalara əsasən qeyd edə bilərik ki, Duzdağın dünya sağlamlıq turizmindəki rolu onun brendləşməsini labüd edir. Duzdağın bir dünya brendinə çevrilməsi üçün isə böyük potensialı var. Bizə bu potensialdan sistemli şəkildə istifadə etmək qalır”.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed