Şrift:
İkinci S-400 batareyasının Türkiyəyə çatdırılmasına sabah başlanılacaq
27.08.2019 [10:28] - Xəbərlər, Hərb
S-400 zenit-raket komplekslərinin ikinci batareyasının Türkiyəyə çatdırılması avqustun 27-də başlayacaq.

Bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar məlumat verib.

“S-400 zenit-raket komplekslərinin ikinci batareyası sabahdan Türkiyəyə gətirilməyə başlayacaq”, - deyə nazir NTV telekanalının efirində bildirib.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. S-400 komplekslərinin ilk batareyasının komponentləri iyulun 12-dən 25-dək bu ölkəyə çatdırılıb.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 zenit-raket komplekslərinin alınması Türkiyə və ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks-təqdirdə Vaşinqton F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını istisna etməyib.

Uzaq məsafəli zenit-raket sistemi - S-400 “Triumf” (NATO kodifikasiyasına görə SA-21 Growler) 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

Türkiyə Belarus və Çindən sonra “Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkədir. Yaxın vaxtlarda onlara Hindistan da qoşulacaq.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed