Şrift:
Gənclər Fondu “GəncLİK” proqramının üçüncü seçim mərhələsinin nəticələrini açıqlayıb
27.08.2019 [11:00] - Gənclik
Azərbaycan Respublikasının Gənclər Fondunun və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə həyata keçirildiyi “GəncLİK” proqramının seçimlərinin növbəti mərhələsi uğurla yekunlaşıb.

Fonddan bildiriblər ki, proqrama müraciət etmiş gənclər arasından seçim meyarlarına uyğun gələn 321 nəfər növbəti mərhələ - test imtahanında iştirak imkanı qazanıb. İmtahanda minimum müəyyən olunmuş orta balı toplayan 104 gənc növbəti mərhələdə videomüraciət hazırlayaraq iştirak ediblər.

Bu mərhələnin həyata keçirilməsində əsas məqsəd namizədin maksimum iki dəqiqə ərzində “Niyə mən “GəncLİK” proqramına seçilməliyəm?” sualı ətrafında özünü sərbəst ifadə etməsinə nail olmaqdır. Altmış gəncin videomüraciəti ekspertlərin rəyinə əsasən uğurlu hesab edilib. Həmin gənclər “GəncLİK” proqramının sonuncu - müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibədə müsbət rəy almış namizədlər isə proqrama qatılmaq hüququ əldə edəcəklər.

Proqram müddətində ümumi bilik və bacarıqlar, ixtisaslaşmış sahələr üzrə gənc liderlərə təlimlər keçiriləcək. Təlim proqramı yekunlaşdıqdan sonra gənc liderlər profilə uyğun olaraq dövlət qurumları, aparıcı şirkətlər və beynəlxalq təşkilatlarda təcrübə keçmək imkanı qazanacaqlar. Həmçinin məzun olacaq gənc liderlərə fərdi ideyalarını reallaşdırmaq üçün xüsusi dəstək veriləcək, onların karyera inkişafı təşviq ediləcək.
Bu xəbər oxucular tərəfindən 78 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed