Şrift:
Kəleybərin millət vəkili: Azərbaycanın 4 əyalətində yanğını söndürmək üçün lazım olan vasitələr olmayıb
27.08.2019 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Kəleybərin İran parlamentindəki millət vəkili ötən günlərdə Qaradağ bölgəsində baş verən geniş miqyaslı yanğına işarə edərək Azərbaycan əyalətlərində yanğını söndürmək üçün lazım olan vasitələrin olmadığını bildirib.



Quliulla Quluzadə bu barədə “İsna” xəbər agentliyinə danışıb.



“Çox təəssüflər olsun ki, yanğında çox sayda heyvan və quş tələf oldu. Meşə və otaq sahələri yanmaqla yanaşı bölgə əhalisi də baş verən yanğından ziyan görüb.

Ölkənin şimal-qərb bölgəsində yerləşən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərində yanğını söndürmək üçün lazım olunan vasitələr olmayıb.”- deyə o bildirib.



Azərbaycanlı millət vəkili bütün imkanların ölkənin mərkəzində cəmləşməsini də tənqid edib.

“Hadisə baş vermədən önləyici tədbirlərin alınması, həmçinin avadanlıq və imkanların ədalətli şəkildə paylanılmasına diqqət yetirilmir. Misal üçün, ötən günlərdə biz yanğın hadisəsini mərkəzə sübut edənə qədər çox gec oldu və bölgəyə çoxlu ziyan dəydi. Bizə vədlər verildi, lakin helikopterlər 6 gün sonra əraziyə çatdırıldı.

Ona görə də biz bütün imkanların bir mərkəzdə cəmləşməsinin aradan qaldırılmasını tələb edirik. Bütün imkanlar ölkədə ədalətli şəkildə paylanılmalıdır. İmkanların bir və ya iki nöqtədə cəmləşməsi qəbuledilməzdir.”- deyə o əlavə edib.



Q.Quluzadə qeyd edib ki, sənaye naziri Şərqi Azərbaycan əyalətinə yanğınsöndürən bir helikopterin veriləcəyini bildirib. Millət vəkilinin sözlərinə görə, helikopter bölgə əhalisinə borclu olan Süngün Mis Mədəni Şirkətinin vəsaiti hesabına alınacaq və həmin kompleksin ixtiyarına veriləcək. Biz verilən vədin yerinə yetiriləcəyinə ümid edirik.



Kəleybərin millət vəkili Qaradağ meşələrinin qəsdən yandırılması haqda yayılan xəbərlərin şayiə olduğunu da diqqətə çatdırıb. “Qaradağ meşələri bölgə əhalisinin heysiyyəti və kimliyidir. Əhali yanğını söndürmək üçün çox yardım etdi. Kimsə öz sərmayəsinə ziyab vurmaz. Bu barədə yayılan xəbərlər şayiədən başqa heç nə deyil.”- deyə Q.Quluzadə bildirib.
Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed