Şrift:
Fərəc Quliyev: İranda Azərbaycan türkcəsinin tədrisi pilot şəkildə deyil, total şəkildə tətbiq olunmalıdır
27.08.2019 [12:03] - Xəbərlər, Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Fərəc Quliyev
İranda 39 illik ana dili qadağasına son: Xilas modeli, yoxsa..?


Sentyabr ayından etibarən İranın Şərqi Azərbaycan əyalətindəki məktəblərdə Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq.

Bu barədə Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai bildirib. Onun sözlərinə görə, İran Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq, Şərqi Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərara alınıb.

Paşai bildirib ki, dərslər 23 sentyabrdan etibarən həftədə 3 saat olmaqla tədris olunacaq.

Milyonlarla soydaşımızın yaşadığı İranda Azərbaycan türkcəsində tədrisin aparılması uzun illərdir ki, müzakirə mövzusudur.

Konstitusiyada bununla bağlı müvafiq maddə olsa da, islam inqilabının qələbə qazandığı dövrdən başlayaraq 39 illik qadağadan sonra İranda Azərbaycan dilinin tədrisinin başlaması nə vəd edir? Bunu hazırda olduqca çətin dövrünü yaşayan İranı həm də daxili problemlərdən yayındırmaq üçün müvəqqəti xilasedici addım hesab etmək olarmı?

Deputat Fərəc Quliyev hesab edir ki, İranda Azərbaycan türkcəsinin tədrisi pilot şəkildə deyil, total şəkildə tətbiq olunmalıdır:
“Hər halda dilimiz üçün ciddi imkanlar yarandı. Milli iradə özünün bəhrəsini verməyə başladı. İran rejimi bunu öz kefindən etmədi. Uzun müddətdir İranda milli çoxluq olan Azərbaycan türkləri bunun üçün mübarizə aparıblar. Hesab edirəm ki, bu məsələ təkcə pilot layihə kimi tətbiq edilməməlidir. Bütün Azərbaycan türklərinin yaşadığı ətrazilərdə dilimizdə məktəblər, universitetlər fəaliyyət göstərməlidir. İranın digər ərazilərindəki təhsil ocaqlarında Azərbaycan dilində fakültələrinin olması vacib şərtlərdəndir. Hələ mən onu demirəm ki, azərbaycanlılar orada milli azlıq yox, milli çoxluq olduğu üçün Azərbaycan türkcəsi İranda dövlət dili statusunu almalıdır. Ən azından fars dili ilə yanaşı dövlət dili kimi bərqərar olmalıdır. İranın indi verdiyi qərar bölgədəki vəziyyətə, onlara olan saksiyaların tətbiq olunmasına, ciddi şəkildə beynəlxalq təhdidlərdə iştirakına görə sıxıntılara bağlıdır. Düşünürlər ki, milli çoxluq olan Azərbaycan türklərinin indi hüquqları tapdalansa, daxildən də ciddi təpkilər artacaq. Ona görə də müəyyən güzəştlərə gediblər. Amma bu, ümumi əhval-ruhiyyəni dəyişəcək. Azərbaycan kökənli deputatlar da orada bu məsələni dəfələrlə qaldırıblar. Fikrimcə, bundan sonra da qaldıracaqlar və ciddi irəliləyişlər olacaq, Azərbaycan dilinin inkişafı üçün ciddi şərait yaradacaq”.

(Cebhe.info)
Bu xəbər oxucular tərəfindən 601 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed