Şrift:
Ərdəbildə divarlara şüarlar yazıldı - Dövlətin yanğınla bağlı qərəzli mövqeyi pislənildi
28.08.2019 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın ətraf mühiti üçün olduqca böyük əhəmiyyət kəsb edən Qaradağ meşələrində baş verən yanğının vaxtında söndürülməməsi böyük meşə sahəsinin yanıb külə çevrilməsinə səbəb oldu.



Dövlətin qərəzli mövqeyi yerli əhali, azərbaycanlı milli-mədəni fəallar, bəzi millət vəkilləri və yerli məsulların etiraz etməsinə səbəb oldu.



Son məlumata görə, Ərdəbil şəhərində divarlara milli şüarlar yazılaraq dövlətin Azərbaycanın ətraf mühitinə qarşı qərəzli mövqeyi və laqeyd münasibəti pislənilib.



Qrafit texnikası ilə yazılan “Qaradağ meşələri mərkəzçi qüvvələrinin ayrı-seçkilik siyasətinin oduna yandı” şüarını Ərdəbilin müxtəlif məhəllələrində divarlar üzərində görmək mümkündür.



Qeyd edək ki, avqustun 20-də xəbəri yayılan geniş miqyaslı yanğını söndürmək üçün bölgədə lazım olan vasitələrin olmadığından yerli məsullar Tehrandakı səlahiyyətli orqanlara müraciət edərək lazımi texnika, o cümlədən helikopter tələb etmişdir. Lakin əraziyə vaxtı-vaxtında helikopterin göndərilməməsi yanğının bir həftə davam etməsinə, ardınca Şərqi Azərbaycan rəhbərliyi, o cümlədən imam cümə, vali və bir neçə millət vəkilinin kəskin etirazına səbəb olmuşdur.



Xəbər bir neçə gün İran mətbuatında işıqlandırılmadı, bəzi məsullar isə yalan məlumat yayaraq yanğının söndürüldüyünü bildirdilər. Nəhayət ki, etirazlar nəticə verdi və yanğın avqustun 23-də nisbətən kontrola alınıb və söndürüldü, buna baxmayaraq hələ də bəzi yerlər yenidən alovlanır.



Yerli məsullar 300 hektardan çox meşə sahəsinin yandığını elan etdi. Lakin günü-gündən artan etirazlar məsulların etiraf etməsinə səbəb oldu. ““Sepah”-i Aşura”nın komandanı yanğının böyük ərazini əhatə etdiyini, hətta 1600 hektara çatdığını bildirib.



Ərdəbildə ötən günlərdə də divarlara oxşar şüarlar yazılıb, dövlətin baş verən yanğına laqeyd münasibəti kəskin şəkildə pislənilib.
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed