Şrift:
Fərəc Quliyev: “Türkiyədə qurulan YAP siyasətində ciddi bir toparlanmadır”
29.08.2019 [13:09] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Türkiyədə Əhməd Davudoğlu və Əli Babacanın partiya quracağı ilə bağlı müzakirələrin davam etdiyi bir zamanda Patent və Marka İdarəsinə yeni partiya ilə bağlı müraciət daxil olub.

Müraciəti edilən partiyaya "Yaşam ve Adalet Partisi" (YAP) adı verilib. Türkiyə mətbuatı bu partiyanın məhz Davudoğlu və Babacan tərəfindən qurulduğunu yazır. Davudoğlunun yeni partiyanın binasını da müəyyənləşdirdiyi bildirilir.

Nəticə etibarilə, Gül-Babacan-Davudoğlu əməliyyatı ilə AKP-dən 2% səs qoparmaq istəyirlər. Gül-Babacan-Davudoğlu-Qılıncdaroğlu-Akşenər-Dəmirtaş-Qaramollaoğlu ittifaqı ilə gələcək prezident seçkilərində Ərdoğanın önünü kəsərək, Türkiyəni təkrar “Atlantik yolçusu” halına gətirmək, ona yenidən “NATO kəməndi” atmaq niyyətindədirlər.

“Yeganə çatışmazlığımız mühafizəkar dindarlardan dəstək ala bilməməyimizdir. Çünki Ərdoğan dindarlarla bizim aramıza böyük bir divar çəkib”.

Bunu İyi Partiyanın başqanı Meral Akşener deyib. Partiya başqanı sabiq nazirlər Ali Babacan və Əhməd Davudoğlunun yeni siyasi partiya quruculuğundan danışıb: “Babacan və Davudoğlunun partiyası vasitəsilə Ərdoğanın qurduğu bu divarı aşaraq, asanlıqla inanclı kəsimin dəstəyini təmin edə biləcəyik. Çünki kimsə onlarla bizim aramıza divar qura bilməz. Babacan bizim üçün bu dəstəyi təmin edəcək ki, bu da bizim üçün çox önəmlidir”.

Meral Akşener Babacan və Davudoğlunun siyasi partiyasının müxalifətlə işbirliyinə də toxunub:

“İndi bizə Ali Babacan və Əhməd Davudoğlunun quracağı partiya da qatılacaq. Bir tərəfdə Babacan, Davudoğlu, SP, İyi Partiya və CHP, qarşılarında isə MHP və AKP olacaq. Əminəm ki, bunu Ərdoğan da görür”.

Deputat Fərəc Quliyevin sözlərinə görə, partiyanın təsisçiləri olan Əli Babacan, Əhməd Davudoğlu, Abdulla Gül Türkiyə siyasətində kifayət qədər ciddi personalardır.

Onun fikrincə, cəmiyyətdə çəkisi, sanbalı və hörməti olan iqtidarın keçmiş nümayəndələri elektorata malikdirlər.

F.Quliyev güman edir ki, sürprizlər ola bilər: “Türkiyə siyasiləşmiş bir cəmiyyətdir və adını çəkdikləriniz köhnə komandada olublar. Bu gün yeni qurulan partiyanın bəyan elədiyi nizamnamə ilə tanışlıqla fikir söyləmək olmaz. Biz onların nə istədiklərini, nəyi dəyişmək hədəfləri olduğunu bilməliyik. Hər bir halda Türkiyə siyasətində ciddi bir toparlanmadır”.

Deputat qardaş ölkənin daxili işlərinə qarışmaq niyyətində olmadığını, bununla belə, türk xalqının iradəsinin son sözü deyəcəyini düşünür: “Biz onlara uğurlar arzulayırıq və türk xalqı kimi seçəcəksə, qərarına hörmətlə yanaşacağıq”.

F.Quliyev bu partiyanın 2023 seçkisini qarşısına hədəf qoyduğu və Qərbdən dəstək alacağı, indiki iqtidarı hakimiyyətdən yola salacağı barədə iddialara belə münasibət sərgilədi: “Türkiyədə güclü partiyalar var. Onlardan biri İYİ partiyadır. Eyni zamanda bələdiyyə seçkilərində CHP iri şəhərlərdə qalib gəldi. Bu faktorlar da gözdən kənar qoyula bilməz. Amma hakimiyyət də boş oturmayacaq, səhvlərini düzəltməyə çalışacaq. Yəni onlar üçün hər şeyin hamar olacağını demək olmaz”.
(“Yeni Müsavat”)
Bu xəbər oxucular tərəfindən 196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed